Dopinq qəbul edən efiopiyalı atletə cəza kəsiləcək
Bakı, 7 fevral, AZƏRTAC
Efiopiyalı marafonçu Qirman Birahun qadağan olunmuş meldonium preparatı qəbul etdiyi üçün 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.
AZƏRTAC “The İndependent” qəzetinə istinadla xəbər verir ki, 22 yaşlı atlet 2016-cı ilin noyabr ayında bu ölkədə dopinqə qarşı qəbul edilən və ilk cəzalandırılacaq məhkum olacaq. Qanun layihəsinin hazırlanmasında payı olan yerli yüngül atletika federasiyasının rəhbəri və məsafə qaçışı üzrə Olimpiya çempionu Hayle Qebreselassie məsələ ilə bağlı təəssüfləndiyini dilə gətirib: “Mən idmançıdan ötrü qorxuram. Onu minimum 3 il dustaqxana həyatı gözləyir və bunun üçün çox kədərlənirəm. Çünki o, türmə həyatı ilə qarşılaşacaq ilk efiopiyalı atlet olacaq. Əksər idmançıları qorumaq üçün mütləq bunun üzərində yenidən işləməliyəm”.
Maraqlıdır ki, Efiopiya Almaniyadan sonra dopinq qəbuluna qarşı cinayət məsuliyyəti tətbiq edən ikinci dövlətdir. Qadağan olunmuş preparatların qəbulu sübuta yetirildiyi halda afrikalı idmançıları üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Birahuna gəlincə isə onun barəsində qəbul ediləcək yekun hökm qərarı növbəti ay açıqlanacaq.