Doqquz yaşlı azərbaycanlı qız Almaniyada şahmat turnirinin qalibi olub
Bakı, 16 iyul, Anara Axundova, AZƏRTAC
Berlində valideynləri ilə yaşayan balaca və perspektivli şahmatçı Sona Bəşirova Almaniyanın Kiel şəhərində 12 yaşadək uşaqlar arasında keçirilən açıq turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, turnir hər gedişə 30 saniyəlik, 40 gedişə (+15 əlavə dəqiqə) 45 dəqiqəyə qədər vaxt nəzarəti ilə klassik şahmat üzrə keçirilib. Yarış iki gün ərzində altı turdan ibarət olub və burada kiçik şahmatçılar hər gün üç oyun keçiriblər.
Turnirdə avqustun sonunda 9 yaşı tamam olacaq Sona Bəşirova özündən böyük iştirakçılara qalib gələ bilib.
Bundan əvvəl də AZƏRTAC cəmi iki il əvvəl şahmatla məşğul olmağa başlayan, lakin qısa müddətdə yüksək nəticələr əldə etməyi və bir neçə sanballı qələbə qazanmağı bacaran istedadlı qızcığaz haqqında məqalə dərc edib. Sona “SV Empor Berlin” şahmat klubunun üzvüdür və mütəmadi olaraq müxtəlif turnirlərdə iştirak edir, mükafatlar qazanır. O, həmçinin yaş məhdudiyyəti olmayan açıq turnirlərə qatılır və özündən xeyli yaşlı rəqiblərlə oynayır. Maraqlıdır ki, belə yarışlar arasında 16 yaşadək uşaqlar arasında turnir də olub və o vaxt cəmi 7 yaşı olan balaca azərbaycanlı şahmatçı mütləq çempion tutulunu qazanıb.