Dövlət Aqrar Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO











Gəncə, 15 aprel, Elcan Məmmədov, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbərliyi Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində NDU-nun rektoru Elbrus İsayev, Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov və Baytarlıq təbabəti kafedrasının əməkdaşı Bəhruz Bayramov ADAU-nun rəhbərliyi ilə görüşüblər.
Görüşdə çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov ölkəmizin aqrar sektoru üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan ali təhsil müəssisəsi haqqında qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, ADAU Naxçıvan Dövlət Universiteti ilə birgə tədqiqat, təcrübə və tədris məsələlərində əməkdaşlıq etməkdə maraqlıdır.
NDU-nun rektoru Elbrus İsayev deyib ki, muxtar respublikanın əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə diqqəti cəlb edir.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Daha sonra hər iki universitet arşında tədris, təlim, elmi-tədqiqat və aqrar sahələrdə fəal əlaqələr yaratmaq və inkişaf etdirməklə bağlı perspektivdə duran məsələlər müzakirə edilib.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdən sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, Gəncə Dövlət Aqrar Kolleci, tələbə parkı, Baytarlıq təbabəti fakültəsi, istixana kompleksi, Açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, Bildirçin yetişdirmə mərkəzi, vivarium – təcrübə mərkəzi, Eksperimental heyvandarlıq kompleksi və toxumçuluq sahə laboratoriyasına baş çəkiblər.