Dövlət Gömrük Komitəsinin sədri Naftalan şəhərində vətəndaşlarla görüşüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşlarla görüşüb.
DGK-dan AZƏRTAC-a bildirilib ki, Şahin Bağırov görüşdən öncə Naftalan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.