Dövlət Komitəsi müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri ilə videokonfransları davam etdirir
Bakı, 23 aprel, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri ilə videokonfransları davam etdirir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, növbəti videokonfrans Azərbaycan tərəfindən Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və digər məsul şəxslərin, eyni zamanda, 3 ölkədən - Rusiya, Ukrayna və Moldovadan diaspor nümayəndələrinin iştirakı ilə baş tutub.
Videokonfransda Dövlət Komitəsinin əməkdaşları Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Xarkov şəhərindəki regional bölməsinin sədri Malik Dursunov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov şəhərindəki gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, “Moskva Azərbaycanlıları Cəmiyyəti”nin sədri Şamil Tağıyev, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” təşkilatının idarə heyətinin üzvü Amil Ağayev, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə yaradılan qərargahın rəhbəri Maarif Rəhimov, Sankt-Peterburq Azərbaycanlı Gənclər Təşkilatının sədri Elman Manafov, Ukrayna Azərbaycanlı Gəncləri Radasının sədri Vaqif Nağıyev ilə fikir mübadiləsi aparıb və müxtəlif məsələləri müzakirə ediblər. Konfrans iştirakçıları saxta erməni “soyqırımının” əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də geniş müzakirələr aparıblar.
Diaspor təşkilatlarının təmsilçiləri bildiriblər ki, Ermənistanın xarici işlər nazirinin məlum bəyanatından sonra beynəlxalq təşkilatlardan açıqlama verilməsi tələb edilir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyi barədə münasibətlərini ortaya qoymalıdırlar. Bu, təkcə Azərbaycana deyil, həm də münaqişənin həlli ilə bağlı uzun illərdir ki, fəaliyyət göstərən beynəlxalq təşkilatlara və vasitəçi dövlətlərə qarşı hörmətsizlikdir. Əslində bu bəyanat münaqişənin mərhələli həlli ilə bağlı razılaşdırılmış yekun mövqedən geri çəkilmə və bununla da münaqişənin həlli istiqamətində beynəlxalq missiyanın bu günəcən həyata keçirdiyi fəaliyyətin üstündən xətt çəkilməsi anlamına gəlir.
Sonra videokonfrans iştirakçıları koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun mütəşəkkilliyi və postpandemiya dövrü ilə bağlı geniş müzakirə aparıblar. Qeyd olunub ki, Azərbaycan diasporu bu dövrdə xüsusi həmrəylik nümayiş etdirib və Azərbaycana qayıda bilməyən soydaşlarımızın problemlərinin həllində yaxından iştirak edib.
Diqqətə çatdırılıb ki, bu gün beynəlxalq aləmdə ermənilərin 24 aprel saxta “soyqırımı günü” ilə bağlı ciddi fəallığı nəzərə çarpmır. Bu bir tərəfdən pandemiya ilə bağlıdırsa, digər tərəfdən Azərbaycan diasporunun çoxistiqamətli, təsirli fəaliyyətinin nəticəsidir. Məlumat verilib ki, hazırda qeyd olunan ölkələrin heç birində saxta “soyqırımı” məsələsinin mediada belə geniş yer alması müşahidə olunmur.
Daha sonra postpandemiya dövrü üçün səsləndirilən təkliflər müzakirə edilib.