Dövlət Miqrasiya Xidmətində ölkəmizdəki iş adamları ilə görüş keçirilib
Bakı, 30 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində ölkəmizdəki iş adamları ilə görüş keçirilib.
İşgüzar dairələrlə əlaqələrin gücləndirilməsi, işəgötürənlərin maarifləndirilməsi, onları narahat edən məsələlərin müzakirəsi, qarşılıqlı informasiya mübadiləsi məqsədilə təşkil olunan görüşdə müəssisə rəhbərləri, yerli və xarici fərdi sahibkarlar iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafını prioritet sahə kimi önə çəkməsini, iş adamlarına yaradılan şəraitin gündən-günə yaxşılaşdığını bildirən Xidmət rəisi Vüsal Hüseynov işgüzar dairələrlə informasiya mübadiləsinin aparılmasını fəaliyyət istiqamətində səmərəliliyin artırılmasına xidmət etdiyini vurğulayıb.
Dövlət Miqrasiya Xidmətindəki son yeniliklər barədə məlumat verən Vüsal Hüseynov sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdə və işəgötürənlərlə qarşılıqlı müzakirələr aparmaqda maraqlı olduğunu bildirib. Bu qəbildən olan tədbirlərin, Azərbaycanda şəffaf biznes mühitinin daha da artırılmasına, iş adamlarına əlverişli şəraitin yaradılmasına töhfə verdiyini söyləyən Xidmət rəisi sahibkarların suallarını cavablandırıb.
Ənənə halını alan görüşdə həlli vacib məsələlər araşdırılıb, qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər müzakirə olunub, həmçinin sahibkarlara zəruri məlumatlar verilib, əcnəbi işçi qüvvəsinə tələbatların təminində yaranan çətinliklər, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclara dair proqnoz məlumatların hazırlanması və digər mövzular müzakirə olunub.