Dövlət naziri Egemen Bağış: Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir
Bakı, 5 noyabr (AZƏRTAC). Türkiyənin Avropa İttifaqı məsələləri üzrə dövlət naziri Egemen Bağış Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) regional əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırmışdır. Bu barədə TEAS-dan AZƏRTAC-a məlumat verilmişdir.
E.Bağış demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan həqiqətən də bir millət, iki dövlətdir. Hazırda Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir. Ölkələrimizin enerji sektorundakı sıx əməkdaşlığı növbəti bir neçə onilliklər ərzində Avropanın enerji problemlərinin həllində əhəmiyyətli rol oynayacaqdır”.
Türkiyənin dövlət naziri bildirmişdir ki, hər iki ölkənin rəhbərləri arasında nümunəvi qardaşlıq münasibətləri vardır. Əminəm ki, gələcək münasibətlərimiz bugünkündən də parlaq olacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Bağış demişdir ki, bu problem regional əməkdaşlığa mənfi təsir göstərir. Əgər biz ötən iyirmi ilə nəzər salsaq, Cənubi Qafqaz ölkələrindən Azərbaycanın və Gürcüstanın necə inkişaf etdiyini, Ermənistanın isə inkişafdan tamamilə kənarda qaldığını görərik.
Nazir demişdir ki, Baki-Tbilisi-Ceyhan neft kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə bir başlanğıc idi. Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə çox kömək etdi.
E.Bağış bildirmişdir ki, son 10 ildə Azərbaycan hədsiz dərəcədə inkişaf etmişdir. Bu gün Azərbaycan, onun paytaxtı Bakı inkişaf tempinə görə dünyanın əsas ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistan əhalisinin sayı 4 milyondan 2 milyona enmişdir. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklər ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökumətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir. İqtisadi cəhətdən onlar böyük itkidədirlər. Təəssüf ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistanın işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan özünün işğalçılıq siyasətinə son qoymayınca Türkiyə bu ölkə ilə heç bir münasibət qurmayacaqdır. Rəsmi Yerevan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. Düzgün yol da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycan ilə yaxşı münasibətlər yaratmaq və təbii ki, bununla da Türkiyə və Gürcüstan ilə münasibətləri yaxşılaşdırmaqdır. Məhz bundan sonra ermənilər də onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilərlər.