DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI BÖLGƏLƏRDƏ DƏ QEYD OLUNMUŞDUR
Əvvəlcə iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov toplantını açaraq, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, ilk dəfə özlərinin peşə bayramlarını qeyd edən dövlət qulluqçularını təbrik etmişdir. O, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulamışdır.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovun “Heydər Əliyev və dövlət qulluğu” mövzusunda məruzəsi dinlənilmişdir.
Sonra rayonun bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
X X X
Dövlət qulluqçularının peşə bayramı münasibətilə Əli Bayramlı Şəhər İcra Hakimiyyətində keçirilmiş tədbirdə dövlət qulluqçularının bir qrupu, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Şəhər rəhbərliyi dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, on ildən yuxarı bu sahədə çalışanların iyirmi nəfərini icra hakimiyyətinin fəxri fərmanları ilə mükafatlandırmışdır.
Dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, ölkənin tərəqqisi naminə bundan sonra da əzmlə işləyəcəklərini söyləmişlər.
X X X
Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar Ağsuda keçirilmiş yığıncağın iştirakçıları əvvəlcə Heydər Əliyev adına mərkəzi meydanda ulu öndərimizin abidəsini ziyarət edərək, əklil və gül dəstələri qoymuşlar.
Sonra rayon icra hakimiyyətində təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqda “Azərbaycanda dövlət qulluğunun tarixi və müasir dövlət qulluğu sisteminin yaradılmasında Heydər Əliyev ideyalarının tətbiqi” mövzusunda məruzə dinlənilmiş, çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, 1995-ci ildə qəbul olunmuş, Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etmiş, dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan vermişdir. 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirmişdir.
Natiqlər vurğulamışlar ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılmışdır. Bu ilin mayında Prezidentin verdiyi Sərəncama əsasən, Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları ilk dəfə olaraq özlərinin peşə bayramını təntənəli surətdə qeyd edirlər.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları verilmişdir.
X X X
Beyləqanda keçirilmiş tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışmış, dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında Sərəncamın əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, peşə bayramı münasibətilə Prezidentin 2006-cı il 22 iyun tarixli Sərəncamı ilə təltif olunanlar arasında Beyləqan rayon icra hakimiyyətinin şöbə müdiri Kazım Kazımov da var. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüşdür.
Yığıncaqda 12 nəfər dövlət qulluqçusuna rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.