CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub
![](/files/galleryphoto/2023/1/1200x630/1679121440653601621_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1679121440511064801_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1679121440891432001_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791214403976522517_1200x630.jpg)
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fond Malayziyanın “International Professional Trade Exhibition & Meeting Planner” (Peşəkar Ticarət Sərgisi və Görüşlər üzrə Beynəlxalq Təşkilat) beynəlxalq qurumu tərəfindən təşkil edilmiş beynəlxalq müsabiqədə son illər aparılmış islahatlar təcrübəsinə aid 2 innovativ iş ilə iştirak edib.
Münsiflər Heyəti tərəfindən onlardan birinci iş “Public Service Innovation Asia 2023” kateqoriyası üzrə qızıl mükafata, Malayziya Beynəlxalq Yaradıcılıq və İnnovasiyalar Assosiasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
İkinci iş isə “International Innovation Awards 2023” kateqoriyası üzrə xüsusi mükafat alıb.
Beləliklə, DSMF-nin təqdim etdiyi iki iş 67 ölkədən 658 işi əhatə edən beynəlxalq müsabiqədə 1-i qızıl və 2-si xüsusi mükafat olmaqla 3 mükafatla təltif olunub.
Mükafatlar Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Dünya Ticarət Mərkəzində təşkil olunan “MTE Technology Expo 2023” sərgisində təqdim edilib.
DSMF-nin bu beynəlxalq müsabiqədə mühüm uğuru nəzərə alınaraq “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq qurumu fonda həmin sərgidə 3 gün ərzində öz fəaliyyət və uğurlarını geniş auditoriyada təqdim və təşviq etmək imkanı yaradıb.
Bundan əvvəl isə DSMF keçən il “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, bu il isə Böyük Britaniyanın “iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatı ilə təltif olunub.