DÖVLƏT STATİSTİKA KOMİTƏSİNDƏ MƏTBUAT KONFRANSI
Oktyabr ayının 1-nə ölkədə əhalinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8 milyon 506 min nəfərə çatdığını bildirən A.Vəliyev məlumat vermişdir ki, doğumda artım müşahidə olunsa da, ölümün səviyyəsi dəyişməmişdir. Əhalinin 51,6 faizi şəhərlərdə, 48,4 faizi isə kənd yerlərində yaşayır. Onun 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalının 34 faiz artaraq 12,7 milyard manata çatdığını bildirən komitə sədri demişdir ki, sənaye sahələrində ÜDM-in 58,5, kənd təsərrüfatında 5,3, inşaat kompleksində 7,6, ticarət və ictimai iaşədə 6,2, rabitədə 2,3 faizi qədər əlavə dəyər yaradılmışdır. Tikinti kompleksinə yönəldilən sərmayənin 85 faizinin istehsal müəssisələrinin inşasına qoyulduğu vurğulanmışdır.
Natiq məlumat vermişdir ki, ilin doqquz ayında nəqliyyat bölməsində 101,4 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 9,4 faiz çox yük, 783,8 milyon nəfər və ya 5,8 faiz artıq sərnişin daşınmışdır. Yük daşınması dəmir yolu nəqliyyatında 22,6 faiz, avtomobil nəqliyyatında 6,3 faiz, dəniz nəqliyyatında 6,6 faiz, boru kəmərləri vasitəsilə 5 faiz, sərnişin daşınması isə avtomobillə 5,6 faiz, metroda 7,7 faiz, hava nəqliyyatında 7,8 faiz artmışdır.
A.Vəliyevin sözlərinə görə, rabitə müəssisələri 390,8 milyon manatlıq və ya ötən ilin eyni dövründəkindən 22,7 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 76,3 faizi bilavasitə əhali ilə bağlı olmuş və mobil telefon xidmətindən əldə edilmiş gəlir 22,3 faiz artaraq 257,8 milyon manata çatmışdır.
Qeyd edilmişdir ki, keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə qaramalın sayı 2,6 faiz artaraq 2388,1 min başa, davarın sayı 2,2 faiz çoxalaraq 7770,8 min başa çatmışdır. Hesabat dövründə 1,6 faiz çox və ya diri çəkidə 203,5 min ton ət, 3,8 faiz çox, yaxud 998,4 min ton süd, 1,9 faiz çox, yaxud 12,9 min ton yun istehsal edilmişdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.