DÖVLƏTİMİZİN BAŞÇISININ DİQQƏT VƏ QAYĞISI CƏBRAYILLI MƏCBURİ KÖÇKÜNLƏRDƏ DƏRİN RAZILIQ HİSSİ DOĞURMUŞDUR
Yığıncaq iştirakçıları rayonun məcburi köçkünləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə deyilir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xətti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev problemlərimizə həmişə diqqətlə yanaşır. Ölkəmizin rəhbəri hələ respublikanın Baş naziri olarkən prezidentliyə namizəd kimi seçicilərlə seçkiqabağı ilk görüşünü Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə keçirməsi bizdə doğma torpaqlarımıza qayıtmaq əzmini qat-qat artırmışdır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Prezidentimizin məlum Sərəncamı bütün qaçqınlar və məcburi köçkünlər kimi, cəbrayıllılar tərəfindən də çox böyük minnətdarlıqla qarşılanmışdır. Bu proqram məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Məcburi köçkünləri məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarmaq üçün bütün cəhdlərin qarşısı bu Sərəncamla alınmışdır.
Dövlət Proqramında məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrin hissə-hissə ləğv edilməsi və onların daha yaxşı şəraiti olan evlərə köçürülməsi nəzərdə tutulmuşdur. Bu, Saatlı, Sabirabad çadır şəhərciklərində, İmişlidə yük vaqonlarında müvəqqəti məskunlaşmış 2019 cəbrayıllı ailənin də ev problemini aradan qaldıracaqdır. Özəl müəssisələrin məcburi köçkünləri, ilk növbədə işlə təmin etmələri, ali və orta ixtisas məktəblərində məcburi köçkün tələbələrə təhsil haqqının ödənilməsində güzəşt olunması barədə Dövlət Proqramında müəyyən edilmiş vəzifələr dərin razılıq hissi doğurmuşdur.
Müraciət bu fikirlərlə bitir: “Biz məcburi köçkünlər, Prezidentimiz İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirir, dərin minnətdarlığımızı bildiririk”.