Dövlətimizin başçısının elm adamlarına diqqət və qayğısı gənc alimləri yeni tədqiqatlara ruhlandırır
Bakı, 29 may, AZƏRTAC
Bu il görkəmli alim Vladimir Volobuyevin anadan olmasının 110 illiyi tamam olur. Prezident İlham Əliyevin “Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 14 may tarixli Sərəncamı bütövlükdə elm adamlarına göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Dövlətimizin başçısının elmin inkişafına və elm adamlarına göstərdiyi həssas münasibət gənc alimlərə böyük stimul olur, onları sanballı tədqiqatlar aparmağa ruhlandırır.
Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.
Alim bildirib ki, akademik Vladimir Volobuyev Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr verib. O, torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmaların müəllifidir. Vladimir Volobuyev torpaqşünaslıq elmində torpaq ekologiyası və torpaqəmələgəlmə energetikası kimi yeni istiqamətlər yaradıb. O, 1960-cı illərin birinci yarısında “Torpaq ekologiyası” elmi əsərini yazıb. Alimin “Dünya torpaq sistemi” və “Torpaq energetikasına giriş” kitabları torpaqşünaslıqda yeni istiqamət yaradıb. Vladimir Volobuyev əsərlərində torpaq ekologiyasının müstəqilliyini, torpaq və onun formalaşmasına ətraf mühitin təsiri və onlar arasında təbii əlaqələr nəzəriyyəsini irəli sürərək vacib bir məsələni - torpağın yaranmasında təbii əlaqələri müəyyənləşdirməklə torpaqşünaslıqda yeni bir şöbəni elmi əsaslarla təsdiqləyib. Beləliklə, orqanizmlər, torpaq, iqlim, relyef və insan amillərinin birgə təsirini öyrənən torpaq ekologiyası elmini gündəmə gətirib.
Akademik Vladimir Volobuyev torpaq və iqlim arasında hidrotermik əlaqələr sistemini inkişaf etdirib, dünyada torpaqların elmi əsaslar üzrə təsnifatı kitabını yazıb.
Əlövsət Quliyev deyib ki, akademik Vladimir Volobuyev torpaqların meliorasiyasını və meliorativ rayonlaşdırılmasını ərazinin geomorfologiyası ilə əlaqələndirib və yeni orijinal metoddan -relyefin plastikasından istifadə edərək Azərbaycanın, eləcə də bütövlükdə Zaqafqaziyanın geomorfoloji xəritəsini tərtib edib. Böyük elmi-təşkilati və ictimai işlərlə məşğulluğuna baxmayaraq, Vladimir Volobuyevin elmi fəaliyyəti son dərəcə məhsuldar olub. O, 8 monoqrafiyanın, 250-dən çox elmi məqalənin, çoxlu sayda xəritələrin müəllifidir.
Akademik Vladimir Volobuyevin yetirmələrindən olan professor Əlövsət Quliyevin sözlərinə görə, görkəmli alim kadr hazırlığına da xüsusi fikir verib, 20 namizədlik və 5 doktorluq dissertasiyasına rəhbər və məsləhətçi olub.
İnstitutun direktoru bildirib ki, vaxtilə akademikin rəhbərlik etdiyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri onun nəzərdə tutduğu elmi tədqiqatların istiqamətinə uyğun olaraq, öz işlərini davam etdirirlər. Bu elmi müəssisənin alimləri öz araşdırmalarında Vladimir Volobuyevin zəngin elmi irsindən və nailiyyətlərindən bəhrələnirlər. Bu mənada torpaqşünaslığın inkişafında alimin böyük xidmətləri var. Odur ki, dövlətimizin başçısının akademik Vladimir Volobuyevin yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını Azərbaycan alimləri böyük minnətdarlıqla qarşılayıb. Bu Sərəncamdan irəli gələn vəzifələr çərçivəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu silsilə tədbirlər keçirir. Alimin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, onun qiymətli kitablarının yenidən nəşr etdirilməsi nəzərdə tutulur.