Dövlətimizin başçısının Qərbi Azərbaycanla bağlı verdiyi mesajlar artıq bir konsepsiyadır
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev televiziya kanallarına müsahibə verərkən bir sıra məqamlara nəzər saldı. Xüsusilə diqqəti cəlb edən məsələlərdən biri Ermənistandan vaxtilə deportasiya edilmiş və qaçqın düşmüş şəxslərin öz doğma yurdlarına qayıtması ilə bağlı idi. Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasına verilən inzibati binanın açılışında iştirak etdi və Qərbi Azərbaycandan olan ziyalılar ilə görüşdü. Bu görüşdə, həmçinin Qərbi Azərbaycandan zamanında deportasiya edilmiş şəxslərin geri qaytarılması ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda, Prezident son müsahibəsi zamanı da bu mövzuya nəzər saldı. Bununla bağlı bir sıra xüsusi məqamları vurğulayaraq bildirdi ki, Qərbi Azərbaycandan didərgin salınmış şəxslərin öz doğma yurd-yuvalarına qayıtması lazımdır. Bu, tarixi ədalətdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov söyləyib.
Onun sözlərinə görə nə qədər ki, Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslər hələ də qalır, bu proses hər zaman bizim tərəfimizdən açıq şəkildə dilə gətiriləcək. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, bu məsələ ilə bağlı işçi qrupu yaradılıb və konsepsiya hazırlanır. Hesab edirəm ki, bu konsepsiyanın hazırlanmasından sonra prosesə başlanacaq və praktiki addımlar həyata keçiriləcək. Nəzərə almalıyıq ki, Qərbi Azərbaycandan qovulan şəxslərin sayı həddindən artıq çoxdur. Bu proses ilk əvvəllər 1905-1910-cu illərdə başlayıb. Ondan əvvəl isə çar Rusiyası məhz XIX əsrin sonlarından etibarən istər Osmanlı, istər İran, istərsə də Şərq ərazisində bir sıra bölgələrdən erməniləri toplayıb gətirərək Azərbaycanın İrəvan mahalında və ətraf ərazilərində yerləşdirməyə başlayıb. Qısa müddətdə artıq o qədər erməni gətirilmişdi ki, onlar artıq etnik tərkibi dəyişdirməyə çalışırdılar.
“SSRİ 1922-ci ildə qurulduqdan sonra Azərbaycanın tarixi torpaqları olan Zəngəzur ərazisinin SSRİ rəhbərliyi tərəfindən məhz Azərbaycandan qoparılıb, Ermənistana verilməsi tarixi ədalətsizlik idi. Əlbəttə ki, 1948-1953-cü illərdə olan proseslər də son olmadı. Bu proseslər 1988-1989-cu illərdə davam etdi və Ermənistanda tamamilə türksüzləşdirmə siyasəti aparıldı. Deport edilən insanların bəziləri işgəncəyə məruz qaldı, bir hissəsi isə öldürüldü. Bunların hamısı qeyd edilməli məsələlərdir. Dövlətimizin başçısı da müsahibəsində məhz bu məqamlara toxundu”, - deyə Samir Hümbətov diqqətə çatdırıb.
O əlavə edib ki, azərbaycanlılar orada böyük ərazilərdə yaşayıb. Bu məsələ xüsusilə önəmlidir. Prezident İlham Əliyevin bu mövzunu aktual şəkildə dilə gətirməsi ondan xəbər verir ki, yaxın gələcəkdə Qərbi Azərbaycandan qaçqın düşmüş şəxslərin qayıtması üçün işlər başlayacaq. Dövlətimizin başçısının bununla bağlı verdiyi mesajlar artıq bir konsepsiyadır və bunun üzərindən hərəkət edərsək yaxın zamanda nəticələr öz əksini tapacaq.