ELM VƏ TƏHSİL
Dövlətimizin başçısının yaradıcı ziyalılarla görüşü mədəniyyətimizin dəyərləndirilməsi sahəsində böyük hadisədir
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də respublikamızın bir qrup ziyalısı və mədəniyyət işçiləri ilə görüşü dövlətimizin milli-mədəni irsimizə sonsuz məhəbbətinin əyani sübutudur. Bu tarixi görüş milli mədəniyyətimizin öyrənilməsi və dəyərləndirilməsi sahəsində böyük hadisədir. İlin əvvəlindən başlayaraq heç bir ölkə başçısının ata bilmədiyi iqtisadi-siyasi addımlar ilə Prezident İlham Əliyev xalqımızın rifah halının yaxşılaşması istiqamətində tarixi nümunə göstərdi. İndi bütün xalqımız, onun bütün təbəqələri məhz bu mövzudan danışır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Adil Babayev deyib.
“Prezident mədəniyyət işçiləri ilə görüşündə əsl humanizm nümayiş etdirdi. Məhz bunun nəticəsi idi ki, görüşdə iştirak edən hər bir ziyalı və mədəniyyət işçisi çəkinmədən müzakirəyə qoşularaq öz təkliflərini verirdi. Prezident bu təkliflərə çox həssaslıqla yanaşır və onların reallaşacağına ümid verirdi. İnanırıq ki, belə görüşlər davam edəcək”, - deyə A.Babayev bildirib.