“Dövlətin daşınmaz əmlakının idarə edilməsi: Almaniya təcrübəsi” mövzusunda seminar keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). “Dövlətin daşınmaz əmlakının idarə edilməsi: Almaniya təcrübəsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Mərkəzi Aparatının tabeliyində olan qurumların əməkdaşları ilə yanaşı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Vulf Şmider və bu ölkənin Daşınmaz Əmlak üzrə Federal Agentliyi Səhmlərin İdarə Olunması Departamentinin direktoru Manfred Lange iştirak etmişlər.
ƏMDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitə sədrinin müavini Rüstəm Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektorunun və regionların davamlı inkişafı, iqtisadiyyatın infrastruktur sahələrinin yaradılması, əhalinin rifah halının artırılması ilə bağlı sosial yönümlü tədbirlərin reallaşdırılması istiqamətlərində həyata keçirilən mühüm layihələrdən danışmışdır. Bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyata investisiyaların cəlb edilməsi proseslərində dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlakın qeydiyyatı vacib rol oynayır. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin layihəsindən əlavə Dünya Bankının maliyyələşdirdiyi “Daşınmaz əmlakın qeydiyyatı”, Almaniya İnkişaf Bankı KfW-nin vəsait qoyduğu “Kadastr və daşınmaz əmlakın qeydiyyatı”, Norveçin Xəritəçəkmə və Kadastr Agentliyinin (Statens Kartverk) dəstəyi ilə “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” layihələri uğurla həyata keçirilir.
Vulf Şmider və Manfred Lange Avropa ölkələrində, xüsusilə Almaniyada dövlətin daşınmaz əmlakının qeydiyyatı, daşınmaz əmlakın icarəyə və subicarəyə verilməsi, icarə haqlarının müəyyən edilməsi təcrübəsindən danışmışlar.
Seminarda dövlət torpaqlarının idarə edilməsi sahəsində hüquqi tənzimləmə təcrübəsi, bu sahədə tətbiq edilən mexanizmlərin xüsusiyyətləri açıqlanmışdır. Almaniya təcrübəsinin Azərbaycanda tətbiq edilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Sonda iştirakçılara sertifikatlar verilmişdir.