DÜNYA AZƏRBAYCANLI ZİYALILARININ FORUMUNA CİDDİ HAZIRLIQ GEDİR
N.İbrahimov bildirmişdir ki, Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən Forumun məqsədi ümummilli əhəmiyyət daşıyan və böyük ideoloji məna kəsb edən diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, elm adamlarının bu prosesdə fəal iştirakı yollarını müəyyənləşdirməkdir. Cəmiyyətin ən həssas və aparıcı təbəqəsi olan ziyalılar daim ümummilli səciyyə daşıyan proseslərin önündə gedir və onlar milli maraqlarımızın qorunması uğrunda mübarizədə daha sıx birləşməlidirlər.
Forumda Azərbaycan mədəni irsinin təbliği sahəsində diaspor təşkilatlarının görə biləcəyi işlərin başlıca istiqamətləri barədə məruzə və təkliflər dinləniləcəkdir.
Türkiyənin Antalya şəhərində keçiriləcək Forum iyunun 5-də açılacaqdır. İyunun 6-da isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) toplantısının keçirilməsi planlaşdırılır. Burada TADF-nin qarşısında duran vəzifələr, onun fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qaldırılması və digər məsələlər müzakirə ediləcək, yeni sədr seçiləcəkdir.
Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı məsələləri müzakirə etmək üçün iyunun 7-də Azərbaycan və türk icmaları rəhbərlərinin konfransı keçiriləcəkdir. Bu tədbirdə icmaların birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı işçi qrupu yaradılacaq, tərəflər arasında müvafiq razılaşma protokolu imzalanacaqdır.
İyunun 8-də ABŞ-dakı Azərbaycan icmaları rəhbərlərinin və ziyalıların
iştirakı ilə Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının
yaradılması, iyunun 9-da isə Avropa Azərbaycanlıları Konqresinin
hesabat seçki konfransına hazırlıqla bağlı məsələlər müzakirə
ediləcəkdir.
Tədbirlərdə 30-dan çox ölkədən 200-dək nümayəndənin iştirakı gözlənilir.
Forum çərçivəsində nümayəndə heyətləri və qonaqların Dövlət Komitəsinin rəhbərliyi ilə görüşləri də nəzərdə tutulmuşdur. Bu görüşlərdə Dünya azərbaycanlılarının II qurultayının qarşıya qoyduğu vəzifələr, Azərbaycan icmalarının təşkilatlanması və fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi həyatında iştirakı ilə bağlı bir sıra məsələlər
müzakirə olunacaqdır.
Tədbirlər çərçivəsində Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış və Dünya azərbaycanlılarının II qurultayına həsr edilmiş filmin, “Dünya azərbaycanlılarının II qurultayı” kitabının, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan ədəbiyyatı antologiyası” CD diskinin təqdimat mərasimləri də keçiriləcəkdir.