DÜNYA BANKININ AZƏRBAYCAN ÜZRƏ DİREKTORU QREQORİ YEDJEYÇAKIN ÇIXIŞI
-Cənab Prezident!
Xanımlar və cənablar!
Ötən dörd il Azərbaycan adi vətəndaşların həyat tərzini yaxşılaşdırmaq və müxtəlifliyi ilə seçilən uzunmüddətli inkişafın möhkəm bünövrəsini qoymaq məqsədi ilə özünün sürətlə artan neft gəlirlərindən istifadə sahəsində böyük irəliləyişə nail olmuşdur. Həyata keçirilmiş proqram çox əhatəlidir, lakin makroiqtisadi problemlər yaratmamaq üçün kifayət dərəcədə tarazlıdır. Dünya Bankı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı sahəsində hökumətə bir sıra formada yardım etmişdir. İnfrastrukturun təkmilləşdirilməsi sahəsində əməkdaşlığımız maliyyə resursları baxımından ən önəmli meyar olmuşdur. İcazə verin, onların bəzilərini nəzərinizə çatdırım.
Su-sanitariya proqramlarının həyata keçirilməsi nəticəsində qarşıdan gələn bir neçə il ərzində 43 rayon mərkəzində və yüzlərlə kənddə yaşayan 1 milyondan artıq insan Avropa keyfiyyət standartlarına cavab verən su ilə təmin olunacaqdır. Suvarma proqramına əsasən bütün ölkə üzrə 429 su istifadəçiləri assosiasiyası təsis edilmiş, bu qurumlar təqribən 1 milyon hektar suvarılan torpaqların səmərəli idarə edilməsi məqsədi ilə öz üzvləri üçün təlim kursları keçirmişdir. Təxminən 250 kənddə rayon səviyyəsində iqtisadi və sosial infrastrukturun inkişafı məqsədi ilə bir sıra layihələr üzrə sərmayələr yatırılmışdır. Belə bir uğurlu proqramın təqribən 1 milyon istifadəçiyə şamil olunması üçün əlavə 400-500 mikrolayihə ilə davam etdiriləcəkdir.
Ucqar bölgələrdə, xüsusən də kənd təsərrüfatı işləri üçün maliyyəyə təkmilləşdirilmiş çıxış əməkdaşlığımızın digər vacib prioriteti olmuşdur. Kommersiya, bank qurumları olmayan yerlərdə poçt idarələrinin maliyyə bölmələrinin xidmətindən istifadə işi davam etdiriləcəkdir. Eyni zamanda, bank xidmətlərinin göstərilməsi üçün mobil telefonlardan istifadə etmək nəzərdə tutulur. Kənd təsərrüfatı proqramı üzrə 30 kredit ittifaqı və 1500 kredit alan qrup formalaşdırılmışdır.
Mikrokredit proqramı şəksiz, uğurları ilə yadda qalmışdır. Biznesə uyğun tənzimləyici və inzibati mühitin yaradılması Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının digər prioriteti olmuşdur. Ötən il “bir pəncərə” prinsipinin tətbiq edilməsi yeni şirkətlərin qeydiyyatı sahəsində daha böyük nailiyyətin əldə olunmasına zəmin yaratmışdır və qeydiyyat prosesinin sadələşdirilməsinin doğurduğu əhval-ruhiyyə müsbətdir. Torpaq və mülkiyyətin qeydiyyatı üzrə yeni proqram mülkiyyətçi hüquqlarını aydınlaşdıracaq və olduqca zəruri hesab edilən yerli və xarici kapitala çıxışı təkmilləşdirəcəkdir. Bu və digər işlərin başa çatdırılması müəyyən vaxt tələb edəcəkdir. Lakin biz artıq regionların inkişaf proqramının növbəti, daha təkmil mərhələsi haqqında düşünməliyik. Dünya Bankı Avropa İttifaqı ölkələrinin və inkişaf etmiş digər ölkələrin müsbət təcrübəsindən istifadə edəcək, daha əhatəli regional inkişaf layihəsinin hazırlanmasına başlamaq təklifini hökumətə təqdim edəcəkdir.
Azərbaycan bir çox digər keçmiş sovet respublikalarından fərqli olaraq ən ağır sosial-iqtisadi şəraitlərdə müstəqil respublika kimi formalaşdı. Daha sonra baş vermiş hərbi münaqişə vacib regional islahatları ləngitdi və onların həyata keçirilməsini daha da çətinləşdirdi. Neft və qazdan əldə olunan gəlirlərin böyük axını regional inkişafın lap öncül sıralarında getmək üçün Azərbaycana tarixi bir imkan yaratmışdır. Lakin buna baxmayaraq, heç nə öz-özünə yaranmır və dünyada bir çox digər ölkələrin nümunəsi var ki, bu şansı əldən buraxmışdır.
Azərbaycanda ölkə rəhbərliyinin davamlı fəaliyyəti, ötən dörd ilin həvəsləndirici nəticələri və ölkənin bölgələrinə səfərlərim zamanı görüşdüyüm insanların nikbinliyi deməyə əsas verir ki, yaxın gələcəkdə ölkənin regionlarının, kənd yerlərinin çiçəklənməsində və vətəndaşların rifahının yüksəldilməsində daha böyük nailiyyətlər əldə olunacaqdır.
Bugünkü konfransda sizə uğurlu müzakirələr arzulayıram və diqqətinizə görə minnətdaram.