Dünya Kubokunun qalibi: Uğur hekayəmin gizli qəhrəmanı şəxsi məşqçimdir - MÜSAHİBƏ
Bakı, 20 dekabr, AZƏRTAC
Savat idman növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Tutu İsmayılova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Əvvəlcə savat növü barədə məlumat verərdiniz…
- Savat Federasiyası 2018-ci ildən fəaliyyət göstərir. Özüm isə 2019-cu ildən bu idman növü ilə məşğulam. Qısa müddət olmasına baxmayaraq, idmançılarımız ölkə xaricində tanınırlar. Savat sözü fransız dilindən tərcümədə “başmaq” deməkdir. Avropada bu idmanla ən çox xanımlar məşğul olurlar. Savatın iki qolu var. Bunlar kombat və assaultdur. İkinci növdə zərbələr yüngül vurulur və daim hərəkətdə olmalısan. Qadınlar ən çox bu növə üz tuturlar. Kombatda isə zərbələr ağır olur. Ümumiyyətlə, savatda mədəniyyət və qanunlar çox önəmlidir. Yarışlar zamanı isə papaq, mayka və idman növünün özünəməxsus şalvarla meydana çıxırsan.

- Savat kikboksinqə oxşayır və bu idman növünün bir çox elementini özündə birləşdirir. Bəs, bu iki idman növü bir-birindən nə ilə fərqlənir?
- Savatçılar rinqə çıxarkən xüsusi ayaqqabılar geyinirlər. Həmin ayaqqabı güləşdəkinə oxşasa da, eyni deyil. Bunun altı və pəncə hissəsi çox möhkəm olur. Savatı çətinləşdirən cəhətlərdən biri də odur ki, zərbələr vurularkən bədən tam dönməlidir. Əks halda hakimlər tərəfindən cərimə verilir və ya vurduğun zərbələr xal qazandırmır. Bundan başqa, kikboksinqdə elə zərbə var ki, savatda onu tətbiq etmək olmaz.
- Bu idman növündə hansı uğurları əldə etmisiniz?
- Bir çox beynəlxalq turnirdə uğurla çıxış etmişəm. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunmuş Dünya Kubokunun qalibiyəm. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında ikinci, bu ölkənin Varazdin şəhərindəki Avropa çempionatında isə üçüncü olmuşam. Dünya Oyunlarında yeganə qadın idmançı olaraq Azərbaycanı təmsil etmişəm. Hətta mənə Avropa ölkələrindən təkliflər də gəlir. Lakin hər zaman yarışlarda doğma ölkəmin adından çıxış etməyi üstün tutmuşam. Məqsədim reytinqimi qorumaqdır. Azərbaycan Savat Federasiyası bizə lazımi şəraiti yaradır. Buna görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm.

- Qazandığınız uğurları daha çox kimə borclusunuz?
- Təbii ki, bunda şəxsi məşqçim Taleh Nağızadənin əməyi böyükdür. Deyərdim ki, uğur hekayəmin gizli qəhrəmanı odur. Hətta hər kəs onun mənim atam olduğunu düşünür. Halbuki belə deyil. Buna baxmayaraq, o insan mənə ata qədər doğmadır. Şəxsi həyatımda da mənə çox dəstək olur. Artıq 4 ildir bir yerdə çalışırıq. Xarakterimi yaxşı bilir. Taleh müəllim məşqdə çox tələbkar olsa da, kənarda doğma insan kimi davranır.
- Başqa idman növü ilə məşğul olmusunuz?
- Doqquz il taekvondo məşqlərinə getmişəm. Sadəcə, şəxsi məşqçimlə aramızdakı problemlərə görə bu idman növündən ayrıldım.
- Hazırda Azərbaycanda qızların savat idman növünə marağı, münasibəti necədir?
- Rahat olduğu üçün qızlar ən çox assault növü ilə məşğul olurlar. Ancaq mən həm kombat, həm də assaultda döyüşürəm. Ümumi münasibət normaldır. Son illərdə bu idman növü ilə məşğul olan xanımların sayı artıb.