Dünya Məktəbi: ölkənin ilk IB məktəbi REPORTAJ VİDEO
















Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın ilk beynəlxalq bakalavr (IB) məktəbi olan Dünya Məktəbi bu il fəaliyyətinin 27-ci ildönümünü qeyd edir. Eyni zamanda, məktəbin nəzdində fəaliyyət göstərən Dünya Ana Məktəbinin 23, məktəb həyatını əks etdirən “Dünya” dərgisinin 10, IB məktəbinin 15 yaşı tamam olur. 2009-cu ildən etibarən IB məktəbi statusu qazanan Dünya Məktəbi bu illər ərzində ölkəmizdən xaricə yüzlərlə uğurlu məzun bəxş edib.
AZƏRTAC-ın müxbiri Dünya Məktəbindən reportaj hazırlayıb. Reportajı təqdim edirik.
MMC-nin direktoru Aygün İsayeva: “Reytinqli universitetlər IB-də oxuyan şagirdləri böyük məmnuniyyətlə qəbul edirlər. Universitetlərdən söhbət açarkən deyə bilərik ki, bizim məzunlarımız Oksford, Stanford, Harvard kimi tanınmış universitetlərdən məzun olurlar. Onların çoxu Azərbaycana qayıdırlar və öz töhfələrini Vətənə verirlər. Dünya Məktəbi, ümumiyyətlə, çox fəal təhsil müəssisəsidir. Bizim şagirdlərimiz təkcə elmlə məşğul olmurlar. Məsələn, onlar gözəl milli rəqslər ifa edirlər. Respublikanın tanınmış rəqs müəllimləri bizim məktəbdə dərs deyir, FIDE üzvü olan şahmat müəllimimiz var”.
Məktəbin şagirdləri hər il müxtəlif olimpiada və bilik yarışlarında uğurla çıxış edirlər. Sabahın alimləri müsabiqəsində qızıl medal qazanan şagirdlər ABŞ-da keçirilən mərhələdə Azərbaycanın tarixində ilk dəfə olaraq bürünc medal əldə ediblər.
Məktəbin şagirdləri də təəssüratlarını bölüşüblər.
Əli Musayev: “Bu il UC Berkley Universitetinin Data Science sənət fakültəsinə qəbul aldım. Bütün uğurlarımın arxasında Dünya Məktəbinin böyük rolu var”.
Elçin Həsənov: “Düşünürəm ki, bizim məktəb başqa məktəblərdən fərqli olaraq IB tədris etdiyi çox yaxşıdır. Çünki bu, uşaqlara qeyri-adi qabiliyyətləri öyrətməyi bacarır”.
Nicat Tağızadə: “Mənim layihəm kompüter elmləri ixtisasında idi və süni intellekt əsaslı elektrik transmissiyası kabel sistemlərində nasazlıqların aşkarlanmasından ibarət idi. Bu elmi-tədqiqatı aparanda və bu layihəni hazırlayanda Dünya Məktəbi böyük bir rol oynadı”.
Dünya Məktəbinin Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də filialları fəaliyyət göstərir. Hər üçündə bu məktəbin hesabına, bir qismi də güzəştli əsaslarla – “YAŞAT” Fondu ilə birgə şəhid övladlarının təhsil alması üçün şərait yaradılıb. Bundan əlavə, Dünya Məktəbi hər il uşaq evlərində kimsəsiz uşaqlarla layihə həyata keçirir. Onların geyim və məktəb ləvazimatları, ərzaqla təminatı üçün yardım edir. Xatırladaq ki, Dünya Məktəbi Prezident İlham Əliyev tərəfindən 2012-2013-cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülüb.
“Vətənimizin ehtiyacı olan vətənpərvər, müstəqil, özünəgüvənli gəncləri məhz Dünya Məktəbi yetişdirir”, - deyə direktor Aygün İsayeva fikrini yekunlaşdırıb.