“DUZDAĞ” SANATORİYASININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Duzdağ” sanatoriyasının təməli qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə sanatoriyanın baş planı ilə tanış oldu. Prezidentə məlumat verildi ki, bir il ərzində tikintisi başa çatdırılacaq sanatoriyanın beşmərtəbəli binasında müalicə, müayinə və istirahət üçün hər cür şərait yaradılacaqdır. “Duzdağ” ərazisi müalicə üçün çox əlverişli yer olduğuna görə, burada yüksək səviyyəli, müasir standartlara cavab verən sanatoriyanın tikilməsi qərara alınmışdır.
Prezident İlham Əliyev burada üzgüçülük hovuzunun, geniş yeməkxanaların və digər lazımi sahələrin yaradılması üçün də müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Sonra dövlətimizin başçısı “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Duzdağ” sanatoriyasının təməli qoyulmuşdur.
21 dekabr, 2006-cı il” sözləri yazılmış kağız olan gilizi bünövrəyə qoydu və beton qarışığı tökdü.
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması barədə tapşırıqlarını verdi.