Əbayəni qadağa etmək islamofobiyanı alovlandırmaq məqsədi daşıyır
Paris, 8 sentyabr, AZƏRTAC
Burqa, burkini və hicabdan sonra Fransa İslamla bağlı polemikaya yenidən qayıdır. Bu dəfə dünyəvilik bəhanəsilə dini geyim adı altında əbayə (qadınların ənənəvi uzun üst geyimi) və qamis (kişilərin uzun üst köynəyi) məktəblərdə qadağan edilib. Bu geyimlərin qadağası ilə bağlı təhsil naziri məktəblərə daxili təlimat göndərib.
AZƏRTAC xəbər verir ki, Fransanın ən yüksək yurikdiksiyası - Dövlət Şurası bəzi müsəlman ölkələrində ənənəvi geyim olan - əbayə və qamisin məktəblərdə geyinilməsi qadağasını təsdiqləyib. Bunları geymiş uşaqlar məktəblərə buraxılmayacaq.
“L’Association Action droits des musulmans” assosiasiyası bu uzun üst geyimlərinin əslində ənənəvi olduğunu, dinlə heç bir əlaqəsi olmadığını və onların qadağan edilməsinin uşaqların əsas azadlıqlarının pozulması olduğunu bildirsə də, Dövlət Şurası bu geyimlərin qadağan edilməsini təsdiqləyib.
Bu qadağa hətta siyasətçilər arasında fikir ayrılığı yaradıb. Bəziləri bunu dünyəviliklə əlaqələndirsə də, əksəriyyət bu qadağa ilə hökumətin milli təhsil problemlərini ört-basdır etmək və xüsusilə də islamofobiyanı alovlandırmaq məqsədi daşıdığını bildirir. Bəzi siyasətçilər hətta bu qadağanın yeni etiraz dalğası doğuracağını istisna etmir.
Fransa Müsəlman Dini Şurası (CFCM) rəsmi etirazını bildirərək, bu geyimlərin sadəcə ənənəvi geyim olduğunu diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris