ƏBDÜLVAHİD NİYAZOV: HEYDƏR ƏLİYEV DÜNYA SİYASƏTİNİN PATRİARXI, NADİR ŞƏXSİYYƏTDİR
Ölkəmizdə səfərdə olan nümayəndə heyətlərinin rəhbərləri vətənlərinə qayıdıb Azərbaycan Prezidenti Heydər Əliyevlə keçirdikləri görüşlərin nəticələrini təhlil edəndən sonra çox zaman AZƏRTAC-a zəng vurur, yaxud məktub göndərərək təəssüratlarını oxuculara çatdırmağı xahiş edirlər. Belə müraciətlərdən biri də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Avrasiya” Fraksiyalararası Birliyi Şurasının sədri Əbdülvahid Niyazovdan agentliyimizə daxil olmuşdu. Rusiyalı deputat ölkəmizin başçısı Heydər Əliyevlə görüşlərinin onlarda oyatdığı təəssüratdan heyranlıq duyğuları ilə danışırdı. Deputatla razılığa gəldik ki, AZƏRTAC-ın Moskvadakı xüsusi müxbiri Əbdülvahid Niyazovla görüşüb ondan müsahibə alsın. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.
-“Avrasiya” Partiyasını yenicə yaratdığımız və “Rifah” hərəkatının nümayəndələri kimi “Yedinstvo” blokunun tərkibində Rusiya Federasiyasının Dövlət Dumasına daxil olduğumuz vaxt biz, ilk növbədə, dünya siyasətinin patriarxı Prezident Heydər Əliyev ilə görüşmək üçün partiyamızın rəhbərləri ilə birlikdə Bakıya gəldik. Çünki onun məsləhətlərinə, tövsiyələrinə ehtiyacımız vardı.
Heydər Əliyev, şübhəsiz, dünya miqyaslı simadır. O, artıq neçə illərdir, hələ Sovet İttifaqı dövründən bəri, hakimiyyət sükanı arxasındadır. Qeyri-rus millətinin nümayəndəsi, üstəlik, müsəlman olan bir şəxs kimi onun hakimiyyətin ali mərtəbəsinə necə yüksələ və İttifaq səviyyəsində qərarlar çıxarılmasında real surətdə iştirak etməyə necə nail ola bildiyini təsəvvürünüzə gətirin. Elə təkcə bunun özü çox şeyə dəlalət edir.
Heydər Əliyevin Bakıda rəhbərliyə hansı şəraitdə qayıtdığı da xatirimizdədir. Bu, elə bir dövr idi ki, ümumən, Azərbaycanın özünün bir dövlət kimi bütövlüyü və gələcəyi məsələsi həll olundu. Ölkənin bir hissəsi işğal olunmuşdu, vətəndaş müharibəsi və respublikanın parçalanması təhlükəsi göz qabağında idi. Belə bir ağır və keşməkeşli dövrdə hakimityyətə gələn Heydər Əliyev özünün siyasi iradəsi, tükənməz enerjisi ilə dünyanı heyran qoydu. İndi görürük ki, mövcud olmuş və hələ bu gün də qismən qalan problemlərə (ilk növbədə, Qarabağ münaqişəsi) baxmayaraq, hazırda Azərbaycan bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə Cənubi Qafqazda, əslində, liderə çevrilmişdir.
Azərbaycana səfərimizin proqramı çərçivəsində Bakıda biz Heydər Əliyev ilə görüşərkən yəqin edirdik ki, o, tamamilə başqa tarixi qiymətə layiq şəxsiyyətdir. Siyasət meydanına gələn və onu tarixdə heç bir iz qoymadan tərk edən müxtəlif siyasətçilər, dövlət liderləri çoxdur. Heydər Əliyev isə canlı tarixdir. Belə siyasətçilər nadir hallarda olur. Onlar təkcə öz ölkələrinin deyil, bütöv bir epoxanın tarixini müəyyənləşdirirlər. Azərbaycan dövlətinin indiki başçısı da məhz belə səviyyəli siyasətçidir.
Bu insanla şəxsi ünsiyyət olduqca xoş təsir bağışlayır. O, nadir bir insandır. Partiyamızın yaradılması ilə əlaqədar onunla görüşdən qalan xatirələrə qayıdıram. Gənc deputatlar olaraq, biz məsləhət üçün bir ağsaqqal kimi məhz onun yanına gəldik. Biz onu özümüzün də ağsaqqalı hesab edirik. Bəli, o, Sovet İttifaqı çərçivəsində ağsaqqal idi. İndi də ağsaqqaldır. Onunla saat yarımlıq görüşdən necə böyük məmnunluq duyduğumuz yadımdadır. Bu, səmimi, sərbəst söhbət idi, biz adi deputatlar olsaq da, o, öz nüfuzu ilə bizi təntitmirdi. Bu isə, əlbəttə ki, yalnız rəğbət doğurur. O, fenomental yaddaşa malik, təmkinli insandır. Xatirimdədir, cənab Heydər Əliyev iki saatlıq görüş ərzində bizə ən ümdə problemlərdən danışdı, çox dəyərli tövsiyələr, məsləhətlər verdi.
Bir həqiqət qəlbimizə hakim kəsilmişdir: Heydər Əliyev kimi bir insanın prezident olması Azərbaycan Respublikası üçün, sadəcə, böyük səadətdir.
Asya Hacızadə
AzərTac-ın xüsusi müxbiri
Moskva