Əbədi ehtiram, kövrək duyğular və minnətdarlıq hissi
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edir
Bakı, 12 dekabr, AZƏRTAC
Heydər Əliyevin adı xalqımızın tarixinə yalnız müdrik siyasətçi kimi yox, həm də dövlət qurucusu, xilaskar və millət fədaisi kimi həkk edilib. Onun ömrü başdan-başa xalqa xidmət nümunəsi idi. Müstəqil Azərbaycanın gücü, nüfuzu və sabitliyi onun uzaqgörən siyasətinə və xalqla qurduğu möhkəm etimada əsaslanır. Ona görə də xalqımız Heydər Əliyevi özünün Ümummilli Lideri, Ulu Öndəri hesab edir.
Dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il ötür. Xalqımızın oğul və qızları, millətimizin inkişafı və tərəqqisi yolunda titanik fəaliyyətə dəyər verənlər, Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırlar.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan nümayəndələri - qazilər, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, veteranlar və başqaları var. Onlar Ulu Öndərin Fəxri xiyabandakı məzarı önünə gül dəstələri, əklillər qoyur, işıqlı xatirəsi qarşısında baş əyir, sonsuz sevgilərini ifadə edirlər.
Xalqımızın qəlbində özünə əbədi ünvan qazanmış Heydər Əliyevin ideyaları yaşayır, inkişaf edir və çiçək açır. Onun əməlləri daim xatırlanır, adı həmişə böyük məhəbbət və sevgi ilə çəkilir, xatirəsi heç vaxt unudulmur və unudulmayacaq.
x x x
Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılır, müxtəlif anım tədbirləri təşkil olunur.