ƏBÜLHƏSƏNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Iştirakçılar əvvəlcə Teatrın foyesində yazıçının yaradıcılığına həsr olunmuş sərgiyə baxmışlar.
Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri tədbirdə Birliyin sədri Anar, Əbülhəsən yaradıcılığının tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru, Təhsin Mütəllimov və başqaları çıxış etmişlər. XX əsr Azərbaycan nəsrinin inkişafında böyük xidmətləri olan Əbülhəsənin “Özü üçün yazanlar”, “21”, “Xanəndə”, “Araz” və sair hekayələrinın toplandığı “Boşandı” adlı kitabının, “Yoxuşlar”, “Dünya qopur”romanlarının, “Dostluq qalası” epopeyasının məziyyətlərindən ətraflı bəhs olunmuşdur. Bildirilmişdir ki, 1927-ci ildə “Sofi” adlı ilk hekayəsi ilə ədəbiyyata gələn Əbülhəsən həmişə şahidi və ya iştirakçısı olduğu hadisələri qələmə almışdır.
Yubiley tədbirində “Bir il səndən ayrı” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Tanınmış müğənni Elmira Ələkbərzadə babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.