ƏDALƏT MÜHAKİMƏSİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI ÜZRƏ TƏDBİRLƏR MÜƏYYƏN EDİLİR
Həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun yeni mütərəqqi qanunlar və məcəllələr qəbul edilmiş, əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
İnsanlarda məhkəmə hakimiyyətinə inamın möhkəmləndirilməsində hakimlərin müstəqilliyinin təmin edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında bu sahədə mühüm müddəalar təsbit edilmiş, hakimlərin şəffaf prosedur əsasında obyektiv və ədalətli seçilməsi təmin olunmuş, məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, onların üzərində nəzarətə son qoyulmuş, hakimin müstəqilliyi və qərəzsizliyinə dair tələbləri əks etdirən hakimlərin Əxlaq Kodeksi qəbul olunmuş, onların əmək haqqı dövlət məmurları sırasında, demək olar ki, ən yüksək əmək haqqı kimi müəyyən edilmiş, digər tədbirlər görülmüşdür.
Həmçinin, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, yol verilən məhkəmə səhvlərinin aradan qaldırılması məqsədi ilə hakimlər davamlı tədris kurslarına cəlb edilmiş, məhkəmələrin yüksək statuslarına uyğun binalarla təmin olunmasının və zəruri iş şəraiti yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, ölkə Prezidentinin Fərmanına əsasən, əksər, xüsusilə yüksək məhkəmələr yeni binalarla təmin edilmiş, yaxud onların inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, məhkəmələrin maddi-texniki təchizatı xeyli yaxşılaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, hakimlərin seçilməsi və təyinatı qaydasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması məqsədi ilə İşçi qrup yaradılmışdır. Fəaliyyətini Avropa Şurası ekspertləri ilə əməkdaşlıq şəraitində qurmuş İşçi qrupun tərkibinə Konstitusiya Məhkəməsinin, Ali və Apellyasiya məhkəmələrinin təcrübəli hakimləri, hakim assosiasiyalarının rəhbərləri, yerli məhkəmə sədrləri, habelə Ədliyyə Nazirliyinin məsul işçiləri və digər hüquqşünaslar daxil edilmişlər.
İşçi qrup tərəfindən aparılmış təhlil göstərmişdir ki, məhkəmələr tərəfindən cinayət işlərinə, mülki və iqtisadi mübahisələrə baxılmasının keyfiyyəti nisbətən yaxşılaşsa da, bu sahədə ciddi problemlər mövcud olmaqda qalır.
Bu məsələyə ölkə Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 2-də yerli sahibkarlarla görüşü zamanı xüsusi diqqət yetirmiş, yol verilən nöqsanların və mənfi halların qətiyyətlə aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Bununla əlaqədar İşçi qrup tərəfindən təhlil nəticələri üzrə Ədliyyə Nazirliyində hakimlərin və mütəxəssislərin iştirakı ilə ətraflı müzakirələr aparılmış, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hərəkətlərə və digər nöqsanlara yol verdiyinə görə bəzi hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qeyd olunmuş, məhkəmə səhvlərinin qarşısının qətiyyətlə alınması və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyəti vurğulanmışdır.
Müzakirələrdə məhkəmələr tərəfindən bəzi hallarda vətəndaşların əsassız get-gələ salınması, süründürməçilik, prosessual müddətlərin pozulması və digər nöqsanlara yol verilməsi qeyd olunmuş, bu sahədə tələbkarlığın gücləndirilməsi, məhkəmə sistemində yalnız mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə görə fərqlənən şəxslərin təmsil edilməsi zəruriliyi bildirilmişdir.
Eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrin təşkili, hakimlərin seçilməsi prosedurunun və tədrisinin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmış, baxılmaq üçün konkret təkliflər hazırlanmışdır.