Ədliyyə nazirinin müavini: Ötən dövrdə bir milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Ulu Öndərin ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşib. Müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi profilaktik və maarifləndirmə tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 12-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Bu sahədə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunan Vilayət Zahirov bildirib ki, ötən dövrdə 1 milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, profilaktik tədbirlərin gücləndirilməsi və hüquqi maarifləndirmənin yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 75 mindən çox tövsiyə göndərilib. Eləcə də 90 min bələdiyyə üzvü və qulluqçusu Ədliyyə Akademiyasında və digər qurumlarda təşkil edilmiş maarifləndirmə tədbirlərinə cəlb olunub, bələdiyyələr üçün 300 metodik vəsait hazırlanıb.
Nazir müavini yerli özünüidarəetmənin inkişafı sahəsində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla, xarici ölkələrin bələdiyyələri ilə səmərəli əməkdaşlığı da qeyd edib.