ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycanda həyata keçirilən demokratik islahatlar, iqtisadi sahədə qazanılan böyük uğurlar, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının, söz və məlumat azadlığının təmin edilməsi üzrə görülən konkret işlər barədə ətraflı danışan nazir, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində xüsusi qanunun və Dövlət Proqramının qəbul edilməsini, bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirləri, həmçinin ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən işləri qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmini, bu məqsədlə onların seçiminin beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə ən demokratik, şəffaf üsullarla aparılması üçün görülən tədbirləri diqqətə çatdırmışdır.
Təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən M.Marşal ölkəmizdə gedən mütərəqqi proseslərdən, xüsusilə iqtisadi sahədə qazanılan misilsiz nailiyyətlərdən xəbərdar olduğunu bildirmiş, korrupsiya probleminin keçid dövrünü yaşayan dövlətlər üçün daha xarakterik olduğunu qeyd edərək, bu sahədə Azərbaycanın göstərdiyi səyləri və nüfuzlu beynəlxalq qurumlarla fəal əməkdaşlığını müsbət qiymətləndirmişdir. O, korrupsiya kimi böyük sosial bəlaya qarşı mübarizədə məhkəmələrin rolunu vurğulayaraq, hakimlərin müstəqilliyinin təmin edilməsi ilə yanaşı, sui-istifadə hallarının qarşısının alınması üçün onların məsuliyyətinin artırılması üzrə təsirli mexanizmlərin əhəmiyyətini qeyd etmişdir.
Eyni zamanda, M.Marşal Azərbaycanın bölgədə rolunu nəzərə alaraq, “Transparency İnternational” təşkilatının növbəti regional konfransının gələn il Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, informasiya mübadiləsinin səmərəli həyata keçirilməsi və digər əməkdaşlığa dair məsələlər barədə geniş və faydalı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Tədbirdə “Transparency İnternational - Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, Ədliyyə Nazirliyinin məsul şəxsləri və Məhkəmə-Hüquq Şurasının üzvləri iştirak etmişlər.