Efiopiya qəzetində “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs edən məqalə dərc olunub
Bakı, 14 may, AZƏRTAC
Efiopiyanın The Ethiopian Herald qəzeti Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə ilk Avropa Oyunlarının başlanmasına az bir müddət qaldığı qeyd olunur və vurğulanır ki, qədim Atəşgah Məbədində xüsusi mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Oyunların məşəlinin alovlandırılması bu mötəbər idman tədbirinin ən yüksək hazırlıq həddinə çatdığının göstəricisidir.
Məqalənin müəllifi 6 min idmançını bir araya toplayacaq möhtəşəm oyunları izləmək üçün dünyanın müxtəlif yerlərindən insanların Bakıya axışacağını bildirir. Məqalədə Azərbaycan Respublikasının Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev “Bakı-2015” İlk Avropa Oyunlarının bütün dünya üçün möhtəşəm və əzəmətli bir tədbir olacağını bildirir. Səfir Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın ən müasir idman infrastrukturuna malik olduğunu oxucuların diqqətinə çatdırır, bütün ölkəni əhatə edən məşəl estafeti barədə məlumat verir.
Məqalədə Olimpiya Stadionundan və keçirilməsi nəzərdə tutulan tədbirlərdən də bəhs edilir.
Tam mətni aşağıdakı linkdən əldə etmək olar: