Əfqanıstan hökuməti “Taliban” hərəkatının 100 üzvünü həbsxanadan buraxacaq
Bakı, 8 aprel, AZƏRTAC
Əfqanıstanın hakimiyyət orqanlar “Taliban” hərəkatının 100 tərəfdarını həbsxanadan buraxmaq niyyətindədir.
AZƏRTAC Ariana News telekanalına istinadla xəbər verir ki, taliblər bu gün azad ediləcək. Qeyd edilir ki, azad olunanlar arasında hərəkat nümayəndələrinin buraxılmalarında, ilk növbədə, israr etdikləri 15 səhra komandiri olmayacaq. Radikalların ilk qrupu Baqram şəhərində yerləşən həbsxanalardan buraxılacaq.
Aprelin 7-də "Taliban” hərəkatı Əfqanıstan hökuməti ilə əsirlərin dəyişdirilməsi barədə danışıqların dayandırıldığını elan etmişdi. Buna səbəb kimi danışıqlar prosesinin qeyri-effektivliyi göstərilirdi.
Bir qədər əvvəl isə Tolo News telekanalı əsirlikdə olan taliblərlə Əfqanıstan hərbçilərinin dəyişdirilməsi prosesinin ilk mərhələsinin aprelin 2-də baş tutacağı barədə məlumat yaymışdı. Birinci mərhələdə hərəkatın həbsxanadakı 100 üzvü ilə əsirlikdə olan 20 hərbçinin dəyişdirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, martın 10-dan etibarən “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqların və atəşkəs rejiminin başlanması nəzərdə tutulurdu. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyindəki minə yaxın əməkdaşı azad edilməli idi.