Əfqanıstanda taliblərin blok-posta hücumu nəticəsində 13 hərbçi həlak olub
Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün səhər Əfqanıstanın Bağlan əyalətində “Taliban” hərəkatı silahlılarının blok-posta hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 13 hərbi qulluqçusu həlak olub, daha beş nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ariana News telekanalı yerli xəstəxanadakı mənbəyə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hücum mühüm strateji yolların kəsişməsində həyata keçirilib. Yerli polis orqanları taliblərin hücumunu təsdiqləyib.
Xatırladaq ki, bu il fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.
Saziş, həmçinin “Taliban” və Əfqanıstandakı digər tərəflər arasında danışıqların və atəşkəs rejiminin başlamasını nəzərdə tutur. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir. Sənədin bu bəndi qismən yerinə yetirilsə də, hərəkatın silahlıları və hökumət qüvvələri arasında qanlı toqquşmalar davam edir. Bir neçə ay əvvəl Qətərin paytaxtı Dohada başlanmış danışıqlarda hələlik konkret nəticə əldə olunmayıb.