Əfqanıstanın hökumət qüvvələri Kalayi-Nau şəhərini geri qaytarılması əməliyyatına başlayıb
Bakı, 8 iyul, AZƏRTAC
Əfqanıstanın hökumət qüvvələri Badqis əyalətində yerləşən Kalayi-Nau şəhərini “Taliban” hərəkatından geri almaq üçün əməliyyata başlayıb.
AZƏRTAC əfqan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bir müddət öncə taliblərin Kalayi-Nau həbsxanasını ələ keçirərək bütün məhbusları azad etdiyi və şəhərdə küçə döyüşlərinin getdiyi barədə məlumat yayılmışdı.
“Ötən gecə xüsusi təyinatlı qüvvələr vəziyyəti nəzarət altına almaq üçün Kalayi-Nau şəhərinə gəlib. Əməliyyat sürətlə davam edir, təhlükəsizlik qüvvələri şəhərin mərkəzində möhkəmlənib”, - deyə nazirliyin məlumatında bildirilir.
Müdafiə Nazirliyindən, həmçinin döyüşlər nəticəsində “Taliban” hərəkatının ağır itkilər verdiyini, 69 silahlının öldüyünü, 23-nün isə yaralandığını deyiblər.
“Taliban” hərəkatının nümayəndəsi isə öz növbəsində bildirib ki, Badqis vilayəti tamamilə onların əlinə keçib və hazırda əyalətin inzibati mərkəzi Kalayi-Nau uğrunda döyüşlər davam edir. Onun sözlərinə görə, komandirlər də daxil olmaqla 200 əsgər taliblərin tərəfinə keçib.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” nümayəndələri arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də isə ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun sürən xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib.
Koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməyə başlaması fonunda ölkənin şimalında gərgin vəziyyət yaranıb. “Taliban” hərəkatı Əfqanıstanın 398 rayonundan 162-nin nəzarətini ələ keçirdiyini bildirib. Beləliklə, 2021-ci il mayın 1-dən bəri hökumət qüvvələrinin itirdiyi ərazilər iki dəfə artıb.