Əfsanəvi NBA ulduzunun məzun olduğu liseydən xatirə əşyaları oğurlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Amerika Basketbol Liqasının (NBA) əfsanəvi basketbolçusu Kobe Bryanta aid xatirə əşyaları oğurlanıb.
AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, hadisə ötən il 20 illik NBA karyerasını başa vuran idmançının 1996-cı ildə məzun olduğu Filadelfiya şəhərindəki Lover Merion liseyində yaşanıb. Tədris müəssisəsinin sərgi bölməsindən veteran basketbolçuya aid bir forma, imzalı idman ayaqqabısı, 1996-cı ildə komandası ilə qazandığı çempionluq kuboku, eyni çempionatdan qalan basketbol topu oğurlanıb. Hazırda polis tərəfindən tədqiqata başlanıldığı və liseyin kamera yazılarının araşdırıldığı bildirilir.
NBA-nın 20 mövsümü ərzində “Los-Angeles Lakers” klubunda forma geyinən K.Bryant, ümumilikdə 5 dəfə çempion titulunu qazanıb. Bundan başqa, o, 2007/2008-ci ildə mövsümün ən yaxşı oyunçusu mükafatına layiq görülüb. NBA tarixinin bombardirlər sırasında üçüncü olan ulduz idmançı ötən mövsüm peşəkar karyerasına son verib.