Əfsun Sucayev: Elm Gününün təsis olunması Azərbaycanda elmə, alimə diqqətin ifadəsidir
Bakı, 28 mart, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elm Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən videoformatda təşkil olunan tədbirdə AKİ-nin elmi işlər üzrə direktor müavini kimya elmləri doktoru, dosent Əfsun Sucayev çıxışında Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsinin müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin, elmə, alimə diqqətin ifadəsi olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. Əfsun Sucayev vurğulayıb ki, müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezident İlham Əliyev də akademiyanın fəaliyyətini yüksək qiymətləndirdi və yeni mərhələdə inkişafı üçün qarşıda prioritet vəzifələr qoydu: “Son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, istedadlı gənclərin elmə cəlb olunması yolunda çox böyük işlər görülüb, nailiyyətlər əldə olunub”.
Əfsun Sucayev qeyd edib ki, dünya təcrübəsində olduğu kimi ölkə üzrə bütün elmi müəssisələrin və elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə onlar arasında sağlam rəqabət yaratmaq və bu yolla elmin keyfiyyətinin artırılmasına nail olmaq olar.
İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səbiyə Omanova, aparıcı elmi işçilər, dosentlər Xuraman Əfəndiyeva, Ceyhun Həmidov və Elnarə Həsənova çıxışlarında Elm Gününün əhəmiyyətindən, elmin inkişafına mane olan problemlərdən və çətinliklərdən çıxış yollarından danışıblar, təkliflərini səsləndiriblər.