SİYASƏT
Əhməd Abbasbəyli: Türk milləti tarix boyu özünün azadlığı uğrunda qətiyyətli mübarizə aparıb
![Əhməd Abbasbəyli: Türk milləti tarix boyu özünün azadlığı uğrunda qətiyyətli mübarizə aparıb](/files/2023/2/1200x630/16934003371981322093_1200x630.jpg)
Bakı, 30 avqust, AZƏRTAC
30 avqust - Zəfər bayramı Türkiyə tarixində xüsusi yerə malikdir. Türk milləti özünün şanlı tarixi qələbəsini qazanaraq, Osmanlı İmperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasına nail oldu. Türk milləti tarix boyu özünün azadlığı uğrunda qətiyyətli mübarizə aparıb. Bu gün Türkiyə ilə birlikdə qardaş Azərbaycan da Zəfər bayramını böyük coşqu ilə qeyd edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.
O bildirib ki, Zəfər bayramı Türkiyə tarixində yeni eranın başlanğıcı olduğu kimi, 8 noyabr Zəfəri də Azərbaycan tarixində yeni səhifənin açılışı olub. Belə ki, Azərbaycanın yeni müstəvidə, siyasi və diplomatik səviyyədə daha güclü, nüfuzlu bir dövlət kimi çıxış etməsinə zəmin yaradıb.
“30 avqust Zəfəri, Türk Ordusunun və Mustafa Kamal Atatürkün adı ilə bağlıdır. Onun məharətlə yönəltdiyi savaş, Türk millətinə böyük Zəfəri bəxş etdi. Türkiyə dünyanın nüfuzlu dövlətlərindən biridir, eyni zamanda, bir çox bölgədə sülhün və təhlükəsizliyin təminatçısı olaraq tanınır. Bu tarixi gündə hər kəs torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş, bu Zəfərləri bizə qazandırmış bütün şəhidlərimizin ruhuna sonsuz ehtiramını bildirir. Türk ordusu dedikdə, gözlərimizin önündə yurdsevər, vətənsevər, yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır”, - deyə ekspert vurğulayıb.