Əhməd İsmayılov: Gələcəkdə Bakı buxtasında yelkən idmanı üzrə beynəlxalq yarışların keçirilməsi planlaşdırılır
Bakı, 26 aprel, AZƏRTAC
Yelkən idmanının inkişaf etməsi üçün su hövzəsinin və küləyin olması vacibdir. Bakı ətrafındakı dəniz sahillərində idmanın bu növü ilə məşğul olmaq üçün imkanlar mövcuddur və mütəmadi olaraq yarışlar keçirilir. Məhz ona görə də Bakıda yerləşmişik. Gələcəkdə Bakı buxtasında yelkən idmanı üzrə beynəlxalq yarışların keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağının üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov federasiyanın hesabat-seçki konfransından sonra jurnalistlərə müsahibəsində deyib.
O, həmçinin Qarabağda su hövzələrində müvafiq qiymətləndirmədən sonra yarışların keçirilməsi ilə bağlı qərarların qəbul edilə biləcəyini deyib.
Ə.İsmayılov yeni əcnəbi mütəxəssislərin federasiyaya cəlb edilməsi ilə ambisiyalarının da böyüdüyünü vurğulayıb: “Məşqçi və mütəxəssislərin köməyi ilə gələcəkdə bu idman növünü inkişaf etdirməyi və nailiyyətlər əldə etməyi düşünürük. Belə ki, klublarımızda rəqabətin artırılması ilə peşəkar idmançıları aşkar edib heyətə cəlb edəcəyik. Eyni zamanda, Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Kütləviliyi təmin etməklə gənc və istedadlı idmançıların yetişməsinə nail ola bilərik. Məhz rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərmək olar”.
Qurum rəsmisi regionlarda infrastruktur və sponsorların olacağı təqdirdə idmanın bu növünü inkişaf etdirməyin mümkün olduğunu vurğulayıb.