“Eko ev” layihəsi çərçivəsində ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaqdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən “Eko ev” adlı layihənin təqdimat mərasimi keçirilmişdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, 300-dək tələbənin iştirak etdiyi mərasimdə layihə haqqında ətraflı məlumat verilmişdir.
“Day.az” xəbər portalının dəstəyi ilə həyata keçirilən layihə tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Layihənin onlar üçün faydalı olacağı diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, bundan əvvəl Azərbaycan Memarlıq və İnşaat Universitetində bu cür təqdimat keçirilmişdir. Layihə ilə bağlı digər universitetlərdə də təqdimatlar planlaşdırılır.
Qeyd edilmişdir ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən, ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaqdır. Müsabiqədə 18-30 yaşlı şəxslər iştirak edə bilərlər. Bunun üçün martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək “eko ev” mövzusunda hazırlanmış eskizi (“jpg” formatında) qısa izahı ilə birgə yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcəkdir. Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Bundan əlavə, birinci yerin sahibi xarici ölkədə, ikinci yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcəkdir.