Ekoaksiya: Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 19 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları avtomobillərin Xankəndidən Laçın istiqamətində hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 70-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 10 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.