CƏMİYYƏT
Ekologiya İdarəsinin əməkdaşları “TOTAL E&P ABSHERON B.V” şirkətinin mütəxəssisləri ilə müzakirələr aparmışlar
Bakı, 26 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin əməkdaşları Geofiziki və Geotexniki İşlərin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin hazırlanması ilə əlaqədar “TOTAL E&P ABSHERON B.V” şirkətinin mütəxəssisləri ilə müzakirələr aparmışlar.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Ekologiya İdarəsinin əməkdaşları tərəfindən ƏMSSTQ sənədinin hazırlanması istiqamətində görülmüş işlər və nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, layihə çərçivəsində ərazidə aparılmış monitorinq və götürülmüş nümunələrin analitik tədqiqatları yekunlaşmış, ilkin vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilmişdir. Daha sonra sənədin hazırlanması istiqamətində zəruri məlumatların əldə edilməsi və texniki məsələlər barədə tərəflər arasında diskussiya aparılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində də müzakirələr olmuşdur. İştirakçılar Səngəçal qəsəbəsi ərazi icra nümayəndəliyində olmuş və ƏMSSTQ layihəsi üzrə sosial-iqtisadi sahəyə təsirlərin qiymətləndirilməsi üçün ərazidə ilkin sosial-iqtisadi mühit, tarixi abidələr, həssas ərazilər, infrastruktur və s. barədə müzakirələr aparmışlar.