EKOLOGİYANIN VƏZİYYƏTİ MÖVCUD QANUNLARIN VƏ VİCDANIN İNDİKATORUDUR
Nazirliyin hüquq şöbəsinin müdiri Mahir Məmmədov çıxışında nəzarətində olan torpaq, atmosfer mühiti, su, flora və fauna sahələri üzərində ətraflı dayanaraq, qurumun vəzifələrindən və səlahiyyətlərindən danışmışdır. O demişdir ki, qeyri-hökumət ekologiya təşkilatlarına əməkdaşlıq təklif edən nazirliyin fəaliyyətinin strateji istiqamətlərindən biri ətraf mühitin vəziyyətindən birbaşa asılı olan insan sağlamlığının təhlükəsizliyi məsələsidir.
Belə bir vaxtı çatmış məsələ qaldırılmışdır. Abşerondan torpaq daşınmasının bugünədək davam etməsi və bununla əlaqədar onun landşaftının xeyli dəyişikliyə uğraması faktını nəzərə almaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini daha səmərəli etmək üçün hansı tədbirləri görmək lazımdır? Cəza tədbirlərinin sərtləşdirilməsi mümkündürmü? Çünki inzibati tədbirlər çox vaxt istənilən nəticəni vermir.
M.Məmmədov bildirmişdir ki, bu sahədə mövcud qanunlar, ölkə Prezidentinin fərmanları, sərəncamları və tapşırıqları kifayət qədərdir. İyulun 3-də Prezidentin İcra Aparatında ölkəmizin ekoloji durumunun yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, xüsusilə Abşeron yarımadasında, Bakı və Sumqayıtda ekoloji vəziyyət narahatlıq doğurur. Dövlətimizin başçısı mövcud vəziyyətin yaxşılaşdırılmasına dair konkret tapşırıqlar vermişdir. Bununla belə, təbiətdən yararlanan hər birimiz onun qayğısına da qalmalıdır, çünki ekologiyanın vəziyyəti təkcə mövcud qanunların deyil, həm də vicdanımızın indikatorudur.
Seminar iştirakçıları arzu etdiklərini bildirmişlər ki, daha ətraflı söhbət aparmaq üçün yerli idarəetmə orqanlarının nümayəndələri də bu cür tədbirlərə dəvət olunsunlar.