Ekspert: BBC-nin erməni separatizminə dəstək verməsi media prinsiplərinə ziddir
Bakı, 5 sentyabr, AZƏRTAC
BBC telekanalının efirində və onun Azərbaycan xidmətinin veb səhifələrində Qarabağ regionu barədə obyektivlikdən uzaq materiallar yayımlanır. Həmin materiallarda “erməni şəbəkəsi” tərəfindən gündəmə gətirilmiş qondarma “humanitar böhran” kampaniyasına birbaşa və dolayısı ilə dəstək ifadə olunur. Azərbaycanın Qarabağ erməniləri üçün ərzaq göndərməsi mövzusunun mahiyyəti təhrif edilir. Bununla da beynəlxalq ictimai rəydə çaşqınlıq yaradılır. Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlər mövzusunda qərəzli iddialar irəli sürülür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Onun sözlərinə görə, BBC bu yöndə hərəkətlərini pərdələmək üçün riyakar metodlardan istifadə edir. “Qarşı tərəfin də mövqeyini işıqlandırmaq” adı ilə Qarabağdakı separatçı tör-töküntülərə tribuna verir, yalançı obyektivlik sərgiləyir. Məsələn, qondarma “Dağlıq Qarabağ respublikası prezidentinin” qondarma mətbuat katibi Lusine Avanesyanın müsahibəsini dərc edir, onun söylədiyi bütün cəfəng fikirləri son nöqtəsinə qədər yayımlayır. Bu tip müsahibələrdə Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində məskunlaşmış erməni separatçıları təbliğ edilirlər, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü şübhəyə alınır.

“BBC-nin bu cür davranışı jurnalistikanın həm milli, həm də beynəlxalq kodekslərdə əksini tapmış prinsiplərinə ziddir. Jurnalist kodekslərində birmənalı şəkildə qeyd edilir ki, KİV qurumu terroristlərin fikirlərinin yayılmasına, həmçinin separatçı ideyaların tirajlanmasına yol verməməlidir. BBC isə erməni separatizminin ideyalarını tirajlamaqla, onların təcavüzkar, bölücü fikirlərini yayımlamaqla prinsiplərini pozur.
Məsələ ondadır ki, jurnalistika üzrə beynəlxalq kodekslərin hazırlanmasında, legitimləşməsində BBC özü də iştirak edib. Separatçı ideyaların yayımlanmasının normal qarşılanmadığını yaxşı bilir. Onlar öz ölkələrinə münasibətdə bu prinsipləri qoruyurlar. Bilirik ki, hazırda Mərkəzi və Qərbi Avropa dövlətlərində separatizmə meyilli təqribən 300-ə yaxın hərəkat mövcuddur. Eyni problem Böyük Britaniya üçün də xarakterikdir. Amma BBC Böyük Britaniya daxil olmaqla, Mərkəzi və Qərbi Avropa dövlətlərindəki separatçı hərəkatlara nəinki tribuna vermir, əksinə, onlara qarşı çıxış edir. Heç bir halda onların ideyalarını yayımlamır. Zərurət yarananda isə separatçı hərəkatlara qarşı informasiya savaşında iştirak edir. Azərbaycana münasibətdə isə bu prinsipləri pozur. Ölkəmizin ifadə azadlığına sayğılı münasibətindən yararlanaraq, azad sözün imkanlarından sui-istifadə edir, manipulyasiya yolunu tutur”, - deyə media eksperti bildirib.
M. Ələsgərli əlavə edib ki, BBC-nin belə yanlış davranışı dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidləri adiləşdirir, normaya çevirir. Beləliklə, dünyanın müxtəlif bölgələri üçün son dərəcə təhlükəli olan presedent yaradır. Dünyada məşhur KİV qurumunun belə avantürist siyasətin alətinə çevrilməsi təəssüf hissi doğurur. Təsadüfi deyil ki, Azərbaycan Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bəyan edir: BBC belə çirkin davranışına görə üzr istəməli, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağı öyrənməlidir. Ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır.