Ekspert: Süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişaf dövlət siyasətidir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişaf mərhələsindədir.
Əsas məqsədlərdən biri də informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi və vətəndaşların bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, ekspert Yeganə Hacıyeva deyib.
O bildirib ki, 1980-90-cı illərdə qeyri-səlis məntiq nəzəriyyəsi, süni immun sistemləri, genetik alqoritmlər, xüsusən də süni neyron şəbəkələri istiqamətləri üzrə aparılan tədqiqatlar süni intellektin yenidən “çiçəklənməsinə” və sürətlə inkişaf etməsinə gətirib çıxarıb. Bu nailiyyətlər, eyni zamanda, kompüter texnologiyalarının inkişafı ilə bağlıdır. Kompüter elminin sürətlə inkişafı, superkompüter texnologiyalarının yaradılması artıq süni intellekt nəzəriyyəsinin tətbiq olunması üçün böyük imkanlar yaratdı. İnternet meydana çıxdıqdan sonra isə süni intellekt texnologiyaları geniş tətbiq olunmağa başladı.
Y.Hacıyeva qeyd edib ki, inkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycanda da yeni texnoloji reallıqlar yaranır, bu da respublikanın iqtisadi inkişafı ilə yanaşı, milli təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, artıq ölkəmizdə yüksək intellektual xüsusiyyətlərə və imkanlara malik, müxtəlif təyinatlı smart qurğular və sistemlər işlənir, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır.
Son illər isə ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də süni intellekt texnologiyalarının inkişafı dövlət tərəfindən mühüm vəzifə kimi qoyulub. Ənənəvi enerji mənbələrindən alternativ, yaşıl enerji daşıyıcılarına keçid, ölkəmizdə texnoloji infrastrukturun modernləşdirilməsi və intellektuallaşdırılması da dövlət siyasətinin mühüm prioritetləri sırasındadır.
Ekspert diqqətə çatdırıb ki, artıq bu gün müstəqil respublika dünyanın inkişaf etmiş ölkələri, aparıcı transmilli şirkətlərlə iqtisadiyyatın bir sıra sahələrində sıx əməkdaşlıq edir. Rəqəmsal transformasiyalar kontekstində vətəndaşlara intellektual elektron xidmətlər göstərilir ki, bunun təsiri nəticəsində insanların da qabaqcıl texnologiyalara münasibəti dəyişir. Müasir dövrdə onlar zəruri bilikləri əldə etmək, cəmiyyətin aparıcı və məhsuldar qüvvəsinə çevrilməklə, “elektron Azərbaycan”ın “elektron vətəndaş”ı olmağa çalışırlar.
Eyni zamanda, ölkəmizdə son illər “yaşıl təfəkkür”ün formalaşdırılması, ənənəvi enerji mənbələrindən alternativ, yaşıl enerji daşıyıcılarına keçid, texnoloji infrastrukturun modernləşdirilməsi və intellektuallaşdırılması dövlət siyasətinin prioritet saydığı mühüm sahələrdəndir.