“Əl-Şahed” qəzetində Azərbaycan-Küveyt əlaqələrinin inkişafından bəhs edilib
Bakı, 28 aprel, AZƏRTAC
Küveytin aparıcı “Əl-Şahed” qəzetində Azərbaycan səfiri Elxan Qəhrəmanın ölkələrimiz arasında əlaqələrin inkişafından bəhs edən müsahibəsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Küveytin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu qeyd edilir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Küveytlə əlaqələrinin yaxın dostluq mərhələsinə gəlib çatdığı vurğulanır. Qeyd edilir ki, 2004-cü ildə Azərbaycanın Küveytdə, 2006-cı ildə isə Küveytin Azərbaycanda səfirliklərinin açılmasından sonra bu əlaqələr daha da inkişaf edib.
Səfir ölkələrimizin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib, iqtisadi əməkdaşlığın inkişaf etdirilərək arzuolunan səviyyəyə çatdırılması istiqamətində səylərin artırıldığını, bu məqsədlə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan 18 sənədin imzalandığını, 13 sənədin isə baxılmaqda olduğunu və yaxın gələcəkdə əksəriyyətinin imzalanacağını diqqətə çatdırıb. Bu sənədlərin təhsil, səhiyyə, iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi məqsədilə birbaşa hava əlaqələrinin yaradılması və. s sahələri əhatə etdiyi bildirilib.
Məqalədə hazırda iki ölkə arasında qarşılıqlı ticarət mübadiləsinin həcminin təxminən dörd milyon ABŞ dolları həcmində olduğu, bu məbləğin daha da artırılması üçün ölkəmizdə böyük sərmayə yatırımı imkanlarının mövcudluğu qeyd edilib. Son dövrlərdə küveytli iş adamlarının ölkəmizə marağının artdığı və onların hazırda paytaxtda və regionlarda turizm və kənd təsərrüfatı sahələrinə sərmayə yatırdıqları qeyd olunub.
Səfir oxucuları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumatlandırıb.