SİYASƏT
Əl-Tuveycri: Azərbaycanın ərazi bütövlüyünün bərpası dünyada ədaləti müdafiə edən bütün insanların tələbidir
Bakı, 10 mart, AZƏRTAC
Ümid edirəm, IV Qlobal Bakı Forumunda aparılan müzakirələr terrorizm, zorakılıq kimi bu gün bəşəriyyəti təhdid edən problemlərin həlli baxımından çox faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu IV Qlobal Bakı Forumunda iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri martın 10-da jurnalistlərə müsahibəsində bildirib.
Əl-Tuveycri deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin bu gün forumun açılış nitqində dediyi kimi, hazırda dünya nizamında böyük ədalətsizliklər var. Çünki BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri dərhal yerinə yetirildiyi halda, bəziləri, o cümlədən bölgədə sülhün və sabitliyin inkişafına ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələr illərdir yerinə yetirilmir. Düşünürəm ki, dünya ictimaiyyəti işğal altındakı torpaqların azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtmaları üçün güclü və qətiyyətli siyasi iradə nümayiş etdirməlidir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bildirən baş direktor deyib: “Mən ISESCO-nun mövqeyini və şəxsi mövqeyimi bir daha ifadə edərək bildirirəm ki, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Bu, təkcə bizim yox, dünyada ədaləti müdafiə edən azad düşüncəli bütün insanların mövqeyi və tələbidir”.
Dünyada ədalət olmadan davamlı sülhün və sabitliyin bərqərar edilməsinin mümkünsüzlüyünü vurğulayan Əl-Tuveycri diqqətə çatdırıb ki, məhz bu baxımdan dünya nizamı ədalət üzərində qurulmalıdır. Etnik, dini, mədəni müxtəliflik, qarşılıqlı hörmət olmadan dünyada sülhü, ədaləti təmin etmək mümkün deyil.