Əlcəzair portalı: Azərbaycan dağıdılmış məscidləri bərpa edir
Qahirə, 21 may, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalında Milli Məclisin deputatı Könül Nurullayevanın “Azərbaycan dağıdılmış məscidləri bərpa edir” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə İslam dünyasının bir üzvü olan Azərbaycanda dini dəyərlərə böyük əhəmiyyət verildiyi, müxtəlif dinlərin dövlətin himayəsi altında olduğu qeyd olunur. Diqqətə çatdırılır ki, torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibədə Qələbə qazanan ölkəmizdə İslam irsinin qorunması, 30 il ərzində erməni vandallarının ərazilərimizdə viran qoyduqları abidələrin, o cümlədən məscidlərin bərpası istiqamətində işlərə başlanılıb.
Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də qədim mədəniyyət paytaxtı olan Şuşada yeni məscidin təməlini qoyub, burada “Xarıbülbül” musiqi festivalı keçirilib. Azərbaycanın bu qədim şəhərində uzun fasilədən sonra cümə namazı da qılınıb. Şuşada 17 məscidin olduğu və onların erməni işğalçıları tərəfindən dağıdıldığı vurğulanan məqalədə qeyd edilir ki, məscidlərin bərpasını Heydər Əliyev Fondu həyata keçirəcək.
Məqalədə 5 il əvvəl işğaldan azad edilmiş Çocuq Mərcanlıda da məscid inşa edildiyi, dini abidələrin tikintisinin və bərpasının Prezident İlham Əliyevin diqqət mərkəzində olduğu vurğulanır. “Azərbaycan xalqı özünün əbədi və əzəli torpaqlarını azad edib və bundan sonra bu torpaqlarda sülh və xeyirxahlıq dini olan İslamın rəmzi kimi azan sədaları yüksələcək”, - deyə məqalənin sonunda vurğulanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə