Elçin Orucov: “Ürəyim Azərbaycanla döyünür”
Kiyev, 8 aprel, AZƏRTAC
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinə müsahibəsində “Tartoniks” beynəlxalq Ukrayna-Türkiyə animasiya layihəsinin müəllifi, “Mrrimmoll” animasiya şirkətinin şərikli sahibi, Ukrayna Milli Rekord Reyestrinin rekordçusu Elçin Orucov deyib:
“Mən bir Ukrayna vətəndaşı, bir azərbaycanlı, vətənpərvər və yaradıcı insan kimi Azərbaycan Prezidenti İlham Əliyevin uğurla, məqsədyönlü və ardıcıl həyata keçirdiyi müdrik daxili və xarici siyasətini dəstəkləyirəm.
Həmvətənimiz bildirib ki, Dağlıq Qarabağ ətrafındakı son hadisələr və cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi provokasiyalar onu çox narahat edir. Ən qəribəsi odur ki, hərbi qarşıdurmanın yenidən başlanması mənim tarixi Vətənimdə - suveren Azərbaycanda baş verib. Erməni silahlı birləşmələrinin oraya necə gəlib çıxması, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi tarixi mütərəqqi dünya ictimaiyyətinə yaxşı məlumdur.
E.Orucov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla güclü və qüdrətli Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Mən bir vətənpərvər kimi, Azərbaycan dövlətinin başçısının bu müdrik siyasətini dəstəkləyirəm. Lakin düşmən də artıq yaxşı anladı ki, hücum edəcəyi halda, Ali Baş Komandanın ilk əmri ilə Azərbaycanın peşəkar ordusu hər an düşmənə sarsıdıcı cavab verə bilər. Ordumuz bunu bu günlərdə Dağlıq Qarabağda bir daha sübut etdi. Lakin ümumbəşəri dəyərlər və insanların həyatlarının qorunmasını nəzərə alaraq Ermənistan ictimaiyyətini bir daha fikirləşməyə, erməni saxta tarixçilərinin mənasız və uydurma “tarixi faktlarından” əl çəkməyə, erməni xalqını sivilizasiyalı dünyadan kənara yuvarlayan, müharibə ocağına sürükləyən siyasətçilərinin qarşısını almağa çağırıram.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, hər xalq mövcud olmaq hüququna malikdir, lakin başqa xalqı məhv etməməli və başqa dövlətlərin bütövlüyünü və suverenliyini pozmamalıdır.
E.Orucov deyib: “Mənim ürəyim Azərbaycanla döyünür, düşüncələrim Qarabağ münaqişəsinin ədalətli həll olunması ilə bağlıdır. Xalqlar arasında sülh naminə ağıl və xeyirxahlığın qələbəsinə ümid bəsləyirəm. Xeyirxahlığın milliyyəti olmur! İnanıram ki, dünya ictimaiyyəti reallığı düzgün və müdrik qiymətləndirəcək, erməni təbliğatının və riyakarlığının təsir obyektinə çevrilməyəcək. Bütün dünya aydın görür ki, kim kimin üstünə hücum edib və hansı dövlətin ərazisi işğal altındadır. Mən Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir addımını dəstəkləyirəm və inanıram ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”.
Müsahibəni AZƏRTAC-ın xüsusi müxbiri
Zeynal Ağazadə aparıb
Kiyev