“ELEKTRON NAXÇIVAN-2” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət etmiş, ulu öndərin əziz xatirəsini hörmətlə anmışlar. Onlar Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində muxtar respublikanın Asiya-Avropa fiber-optik kabel xəttinə qoşulması münasibətilə keçirilən tədbirdə iştirak etmişlər.
Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının (İKT) rolu və əhəmiyyətinə həsr olunan konfrans NDU-nun tibb fakültəsində yeni yaradılan informasiya texnologiyaları tədris laboratoriyasının açılışı ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli müasir dövrdə İKT-nin cəmiyyətdə tutduğu yer, onun tətbiqi imkanları və universitetdə, ümumən Naxçıvanda bu sahənin inkişafı haqqında məlumat vermişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov son illər muxtar respublikada informasiyalı cəmiyyətə keçidlə bağlı görülən tədbirlərdən bəhs etmişdir. İnformasiya texnologiyalarının tətbiqi və imkanlarının genişliyinə görə dövlət qayğısı ilə muxtar respublikanın Azərbaycanda öncül yerlərdən birini tutduğunu qeyd edən Ali Məclisin sədri konfransın əhəmiyyətini vurğulamışdır.
“İnformasiyalı cəmiyyətin problemləri və perspektivləri” mövzusunda məruzə edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov hazırlanan Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun inkişafı haqqında (2004-2012-ci illər) Dövlət Proqramının həyata keçirilməsi ilə ölkəmizin regionda qabaqcıl ölkəyə çevriləcəyini söyləmişdir.
Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi ilə bağlı görülən işlərdən söz açan təhsil naziri Misir Mərdanov, bu sahədə Naxçıvanda həyata keçirilən tədbirlərin nümunə olduğunu qeyd etmişdir.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Qars Qafqaz Universitetinin rektoru, professor Necati Kaya, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov “Elektron Naxçıvan” layihəsinin həyata keçirilməsini blokada şəraitində yaşayan Naxçıvanın haqq səsinin dünyaya çatdırılmasına, elm, təhsil və iqtisadiyyatın inkişafına böyük təkan verəcəyinə əmin olduqlarını bildirmişlər.
Konfransda iştirak edən Mərkəzi və Şərqi Avropa Şəbəkə Assosiasiyasının baş katibi Jacek Gerard Garevski təmsil etdiyi qurumun Azərbaycanda İKT-nin inkişafı ilə bağlı reallaşdıracağı layihə haqda məlumat vermişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz və Kocaeli universitetləri, İsveçrənin Kalmar Universiteti internetin köməyi ilə konfransa qoşulmuşlar.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.