Əlilliyi olan 155 nəfərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda təqdim edilib
Bakı, 31 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.
Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilməsi üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.
Ümumilikdə bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 1000-dən artıq əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərib. Ehtiyac duyduqları 3764 reabilitasiya vasitəsi onlara yaşadıqları rayon və şəhərlərə, bir qisminə isə evlərində təqdim edilib.