Əliullah Əmiri: Ölkələrimiz arasında mədəniyyət və təhsil sahəsində mövcud əlaqələr yaxşı səviyyədədir

Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdəki ikitərəfli əlaqələr daha da inkişaf etdirilməlidir. Ölkələrimiz arasında mədəniyyət və təhsil sahəsində mövcud əlaqələr yaxşı səviyyədədir. Biz çalışmalıyıq ki, bu istiqamətdə daha böyük uğurlara nail olaq. Bunun üçün əlverişli imkanlar var. Bu imkanlardan yaralanmaq hər iki ölkənin daha parlaq gələcəyinə zəmin yarada bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı iclasında iştirak edən Əfqanıstan elm və təhsil nazirinin müşaviri Əliullah Əmiri deyib.
Bakıda ISESCO-nun İcraiyyə Şurasının iclasının keçirilməsini yüksək qiymətləndirən Ə.Əmiri, belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu iclas təmsil olunan dövlətlərin təhsil və mədəniyyət sahəsindəki əlaqələrinə müsbət təsir edəcək. İclasda müzakirə olan məsələlər və qəbul olunan qərarlar bütün İslam dövlətləri arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Əliullah Amiri vurğulayıb ki, Bakıdakı müxtəlif universitetlərdə əfqanıstanlı tələbələr təhsil alır və onlar hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edir. Yaxın vaxtlarda təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edən qonaq, əfqan gənclərin Azərbaycanda təhsil almağa üstünlük verdiklərini bildirib.
Azərbaycana ilk dəfə gəlməsinə baxmayaraq ölkəmizlə bağlı geniş məlumata malik olduğunu söyləyən qonaq, Bakıda gördüyü möhtəşəm abadlıq və quruculuq işlərini yüksək dəyərləndirib. “Azərbaycan İslam dəyərlərinə, tolerantlığına böyük töhfələr verən, günbəgün inkişaf edən bir dövlətdir. Çalışacağam ki, bundan sonra da Bakıya tez-tez gəlim”.