Əlyazmalar İnstitutunun magistri olmaq istəyənlərin nəzərinə
Bakı, 9 iyun, AZƏRTAC
2021-2022-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında məntiqi təfəkkür, xarici dil və informatikadan yüksək bilik səviyyəsi göstərən və Dövlət İmtahan Mərkəzi tərəfindən qoyulan şərtləri ödəyənlər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna kitabşünaslıq (dünya və Azərbaycan kitabşünaslığı) ixtisası üzrə magistr təhsili almaq üçün müraciət edə bilər.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin magistraturasına qəbul olunanlar təhsil aldıqları dövrdə institutun mütəxəssislərinin, professor və dosent heyətinin qabaqcıl tədris metodikası sayəsində müasir biliklərə yiyələnəcəklər. İnstitutun kitabxanasından, əlyazma və şəxsi arxiv fondlarında qorunan materiallarından yararlana biləcəklər. Onlar aktiv şəkildə institutun elmi yaradıcılıq fəaliyyətinə qoşulacaq, Əlyazmaların bərpası laboratoriyasında, Elektron resurslar, Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbələrində abidələrin bərpa-konservasiya prosesinin, elektronlaşdırılmasının, kataloqlaşmasının şahidi olacaq, gənc alim və mütəxəssislərin hər il təşkil olunan konfrans və elmi seminarlarına qatılmaq şansı əldə edəcəklər.
Xatırladaq ki, institutda magistratura 2016-cı ildən fəaliyyət göstərir. Hazırda elmi müəssisənin magistraturasından məzun olunanlar ixtisaslı mütəxəssis kimi çalışır, doktorantura və dissertantura təhsili alırlar.