ƏMMANDA ÜMUMDÜNYA İNFORMASİYA AGENTLİKLƏRİ ŞURASININ İCLASI BAŞA ÇATMIŞDIR
Forumun işində iştirak edən İordaniya Kralı II Abdulla xüsusi vurğulamışdır ki, onun ölkəsinin qarşılaşdığı terrorizm təhlükəsinə baxmayaraq, Şuranın iştirakçıları öz iclasının yerini və ya vaxtını dəyişmədilər. O demişdir: “İclası burada keçirməyi qərara aldığınıza və bizim üçün bu ağır günlərdə buraya gəldiyinizə görə sizə təşəkkür edirəm. Sizin dəstəyiniz bütün iordaniyalılara böyük təsir bağışladı”.
Forumun Təşkilat Komitəsinin rəhbəri İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko demişdir ki, Əmmanda görüş İordaniya ilə həmrəylik təzahürü oldu. Terrorçular bu ölkədə sabitliyi poza bilməyəcəklər. Təşkilat Komitəsinin rəhbəri bildirmişdir ki, forumda bütün regionların – Avropa, Balkan, Aralıq dənizi, Yaxın Şərq, Asiya və Sakit okean regionları informasiya ittifaqlarının başçıları, bir sıra aparıcı milli xəbər agentliklərinin nümayəndə heyətləri iştirak etmişlər.
Forumda səslənmiş çıxışlarda jurnalistlərin “qaynar nöqtələr”də fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələsindən tutmuş mətbuatın işinin texnoloji və hüquqi cəhətlərinədək ən müxtəlif peşə problemləri öz əksini tapmışdır.
Xatırladaq ki, Ümumdünya İnformasiya Agentlikləri Şurası informasiya agentliklərinin ötən ilin payızında Moskvada keçirilən birinci ümumdünya konqresində təsis edilmişdir. İkinci konqresi 2007-ci ildə keçirmək planlaşdırılır. Onun hazırlanması Şuranın gələn payız Varşavada keçiriləcək növbəti iclasında davam etdiriləcəkdir.